Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirir

2022-11-17 Baxış: 210
img

Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamıza bir sıra üstünlüklər qazandırmışdır. Nəhəng nəqliyyat-tranzit və enerji resurslarının dünya bazarlarına ixrac imkanına malik olan ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən əsas beynəlxalq ticarət yollarının birləşdiyi mühüm logistik mərkəzə çevrilmişdir. Azərbaycan ərazisindən keçməklə Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan bu yollar ölkəmizə olan marağı gündən-günə daha da artırır. Dünyada böyük nəqliyyat qovşağı hesab edilən, region ölkələri ilə mühüm dəmir yolu əlaqələrinə sahib olan Azərbaycan vasitəsilə Çindən Avropaya yüklərin daşınması vaxtını iki dəfəyə qədər azaldan dəhliz uzanır. Bu dəhliz vasitəsilə yüklərin daha əlverişli, təhlükəsiz şəraitdə və qısa zaman müddətində daşınması tranzit ölkə olaraq Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırır və bu, bir çox ölkələr tərəfindən yüksək dəyərləndirilir. Həmçinin ölkəmiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin ildən-ilə artması onun tranzit imkanlarını daha da genişləndirir. Çin ilə Avropa arasında yüklərin daşınmasının Şərq-Qərb marşrutunun önəmli hissəsi olan Azərbaycan vasitəsilə həyata keçirilməsi həm vaxta qənaət etməyə imkan verir, həm də maliyyə baxımından daha sərfəli qiymətə başa gəlir. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu istiqamətdə atılan uğurlu addımdır. Noyabr ayının 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərlə yanaşı, ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə də toxunmuşdur: "Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə əlavə maliyyə imkanı yaratdı". Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində bölgədə məhdudlaşan nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək üçün əlverişli imkanlar yaradıb. Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Lakin Ermənistanın Naxçıvana və daha sonra Türkiyəyə uzanan yeni dəhlizin açılmasına qəti fikir bildirməməsi məsələnin həllinin uzanmasına səbəb olur. Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə ölkə başçımız bu barədə demişdir: "Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks-istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?". Bəli, Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Həmçinin, bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Bütün bunlar isə nəinki regionda, dünyada əlverişli coğrafi mövqeyə, böyük iqtisadi potensiala sahib olan ölkəmizə marağı gündən-günə artırır.

Cavad Mirzəyev,

YAP Neftçala rayon təşkilatının məsləhətçisi