Azərbaycanın çoxvektorlu xarici siyasət kursu

Prezident İlham
Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya səfəri çərçivəsində mətbuata
verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf
etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında
bildirdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələr və
etibarlı strateji tərəfdaşlardır. Keçən il imzalanmış Strateji Tərəfdaşlıq
haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək mərhələyə qaldırıb və bu
sənəddən sonra bütün sahələr üzrə əməkdaşlıq daha da intensiv xarakter alıb.
Hazırda hər iki ölkənin müştərək komandaları müxtəlif istiqamətlərdə fəal
işləyir, birgə iqtisadi işçi qrupun fəaliyyəti genişlənir, energetika kimi
ənənəvi əməkdaşlıq sahəsində isə konkret layihələr uğurla həyata keçirilir.
Ötən il Azərbaycanın ilk dəfə Slovakiyaya təbii qaz tədarük etməsi bu
əməkdaşlığın mühüm nəticələrindən biri olub və Azərbaycan Slovakiyanın tələb
etdiyi miqdarda enerji resurslarını təmin etmək imkanına malikdir.
Prezident İlham Əliyev Azərbaycanın zəngin qaz yataqlarının ölkəyə geniş ixrac
imkanı yaratdığını, hazırda Azərbaycan qazı alan ölkələrin sayının 14-ə
çatdığını və ölkəmizin boru kəmərləri vasitəsilə ixrac olunan qazın
təchizatçısı kimi birinci yerdə qərarlaşdığını qeyd edib. Yeni yataqların
işlənməsi əlavə resursların dövriyyəyə daxil olmasına şərait yaradacaq ki, bu
da Slovakiya və digər Avropa ölkələrinə daha böyük həcmdə qaz tədarükünü mümkün
edəcək. Hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr olduğunu
bildirən dövlət başçısı bu həcmdən 50 faizinin Avropa ölkələrinə
göndərildiyini, Avropa İttifaqının 8 üzvünün məhz Azərbaycan qazı hesabına öz
enerji təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın geniş imkanları barədə danışan
Prezident qeyd edib ki, bu istiqamətdə əməkdaşlıq hərbi məqsədlərdən daha çox
sənaye və texnoloji inkişaf baxımından nəzərdən keçirilir. Slovakiya
texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi yeni
məhsulların istehsalını və dünya bazarlarına çıxışını təmin edə bilər. Dövlət
başçısı vurğulayıb ki, Azərbaycan müharibə aparmaq niyyətində deyil və bu
əməkdaşlıq yalnız sülh, sənaye və inkişaf məqsədlərinə xidmət edir. İlham
Əliyev noyabrın 8-də qeyd olunan Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın
yüksək səviyyəli rəsmi nümayəndələrinin Bakıda fəxri qonaq qismində iştirakını
xüsusi məmnunluqla vurğulayıb və bunu iki ölkə arasındakı səmimi dostluğun
bariz nümunəsi kimi qiymətləndirib.
Slovakiyanın uğurlu inkişafı, sabitliyi və
güclü sənaye potensialı Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Prezident
İlham Əliyev bildirib ki, Slovakiyanın müstəqil xarici siyasət yürütməsi bəzən
çətinliklər yaratsa da, bu mövqedə qətiyyət nümayiş olunması ona bölgədə böyük
hörmət qazandırıb. Azərbaycan da öz xarici siyasət prioritetlərini çoxdan
müəyyən edib və bu gün Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Son
illərdə infrastruktur, nəqliyyat və logistika sahəsinə yatırılan sərmayələr nəticəsində
Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin aparıcı hissəsinə çevrilib və Orta
Dəhliz layihəsində fəal iştirak edir. Asiyanı Avropa ilə birləşdirən ən
təhlükəsiz və etibarlı marşrutlardan birinin Azərbaycan ərazisindən keçməsi
ölkəmizin tranzit imkanlarının nə qədər geniş olduğunu göstərir.
Gələcək planlarla bağlı Prezident bildirib ki, Azərbaycan bağlantılar və
nəqliyyat sektoruna əlavə investisiyalar yönləndirəcək, bu sahədə imkanlar daha
da genişlənəcək. Bu istiqamət Slovakiya ilə əməkdaşlığın dərinləşməsi üçün
böyük potensiala malikdir və qarşıdakı illərdə tərəflər bu imkanlardan daha
geniş istifadə etməyi planlaşdırırlar.
Dövlət başçısı Azərbaycanın enerji və texnoloji potensialına da toxunaraq qeyd
edib ki, ölkədə istifadə olunmayan enerji gücü hazırda təxminən 2 giqavata
bərabərdir və yaxın beş ildə 8 giqavata çatdırılması planlaşdırılır. Bu, süni
intellekt texnologiyaları və beynəlxalq data mərkəzləri üçün mühüm üstünlükdür.
Azərbaycanın iqlim müxtəlifliyi – xüsusilə ilin böyük hissəsində soyuq olan
bölgələrin mövcudluğu – data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli
şərait yaradır. Prezident bildirib ki, Azərbaycan beynəlxalq data mərkəzləri
üçün regional hab rolunu oynamağa hazırdır və bu istiqamətdə Slovakiya
şirkətləri ilə əməkdaşlıq perspektivləri genişdir.
Prezident İlham Əliyevin Slovakiyada mətbuata
bəyanatı iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyini,
siyasi, iqtisadi, enerji və texnoloji sahələrdə əməkdaşlığın artan dinamika ilə
davam etdiyini təsdiqlədi. Bu səfər Azərbaycan–Slovakiya münasibətlərinə yeni
impuls verərək əməkdaşlığın gələcək mərhələsi üçün möhkəm zəmin yaratdı.
Arif Bağırov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
“Neftechala
Operating Company Ltd” şirkətinin əməkdaşı
Digər xəbərlər



