Xəzərdə köməksiz qalan 3 nəfər neftçalalı balıqçı xilas edildi

2025-12-11 Baxış: 54
img
Xəzər dənizində köməksiz qalan balıqçılar xilas edilib. 

MAYAKİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

Bildirilib ki, ötən gün saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan  balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. 

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçib. 

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində bu gün saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Qeyd edək ki, dekabrın 9-da Astarada balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun da axtarışları davam etdirilir. Onların tapılması üçün helikopter cəlb edilib.