"Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq."

2023-05-04 Baxış: 259
img

Ulu Öndər Heydər Əliyevin Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən (2 avqust 1996-cı il)

Azərbaycançılıq idelogiyasının güclənməsi dünya azərbaycanlılarının birliyinə xidmət edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateci inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloci model kompleksini təcəssüm etdirir. Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği vacib amildir. Azərbaycançılıq ideologiyasının xalqımız üçün əhəmiyyəti birləşdirici faktor olmasından ibarətdir. Bu baxımdan Azərbaycançılıq ideologiyası əhalimizin milli inkişaf yolunun formalaşmasının mərkəzində əvəzolunmaz bir yer tutur. Bu ideologiya Azərbaycanda yaşayan azərbaycanlıları və o cümlədən xaricdəki soydaşlarımızı daima mənəvi cəhətdən vətənimizlə əlaqəli və sıx təmasda saxlayan amillərdəndir. Bütövlükdə xalqımız üçün əhəmiyyəti diqqətdən kənarda qala bilməz. Harada yaşamağımızdan asılı olmayaraq, bütün soydaşlarımız gücünü hər zaman millətimizin və ölkəmizin inkişafına sərf edilməlidir və azərbaycançılıq ideologiyasının əsas məqsədi budur. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz – Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq”. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkisaf etdirə bilməz. Bu mənada azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevmək, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideyalara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponentidir.

Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və güclü Azərbaycanın sarsılmaz əsaslarını təşkil edir. Bu il may ayının 10-da qədirbilən Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir.

 Soltan Məmmədov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü