Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi: Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə birliyi

Azərbaycanın
müasir tarixində elə sənədlər vardır ki, onlar yalnız iki dövlət arasında
münasibətlərin hüquqi bazasını formalaşdırmır, eyni zamanda bütöv bir regionun
gələcəyini müəyyən edən siyasi hadisəyə çevrilir. 2021-ci il iyunun 15-də Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz
belə tarixi sənədlərdəndir. Bu Bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının
siyasi, hərbi, iqtisadi və mənəvi zirvəsini ifadə etməklə yanaşı, XXI əsrdə
türk dünyasının strateji birlik modelini də ortaya qoydu.
Təsadüfi
deyil ki, Şuşa Bəyannaməsi Milli Qurtuluş Günündə, Qarabağın tacı olan Şuşada
imzalandı. Bu tarix və məkan seçimi böyük rəmzi məna daşıyırdı. Bir tərəfdən 15
İyun Azərbaycan dövlətçiliyinin xilası günü kimi tarixə düşmüşdürsə, digər tərəfdən
Şuşa Azərbaycanın ərazi bütövlüyünün və tarixi Zəfərinin simvoludur. Beləliklə,
Şuşada imzalanan Bəyannamə həm Qurtuluşun, həm də Zəfərin siyasi məntiqi davamı
kimi tarixə yazıldı.
Ulu
Öndər Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” fəlsəfəsi uzun
illər Azərbaycan-Türkiyə münasibətlərinin əsas ideoloji dayağı olmuşdur.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı
Şuşa Bəyannaməsi isə bu tarixi tezisi yeni mərhələyə yüksəldərək onu müttəfiqlik
səviyyəsində rəsmiləşdirdi. Artıq iki qardaş ölkə arasındakı münasibətlər təkcə
dostluq və qardaşlıq deyil, həm də beynəlxalq hüququn təsbit etdiyi strateji
müttəfiqlik formatına keçdi.
Şuşa
Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində
əməkdaşlığın yeni mərhələsini müəyyən etməsidir. Sənəddə əks olunan müddəalara əsasən,
tərəflərdən birinin təhlükəsizliyinə, müstəqilliyinə və ya ərazi bütövlüyünə
qarşı yönələn təhdid digər tərəf üçün də ciddi məsələ hesab olunur. Bu yanaşma
Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterini daha da gücləndirərək
regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verir.
Vətən
müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək
iki qardaş xalqın birliyinin ən parlaq nümunələrindən biri oldu. Prezident Rəcəb
Tayyib Ərdoğanın müharibənin ilk günlərindən etibarən Azərbaycanın yanında
olduğunu açıq şəkildə bəyan etməsi beynəlxalq müstəvidə mühüm siyasi mesaj idi.
Bu dəstək Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ölkəmizə
qarşı təzyiq göstərmək istəyən qüvvələrə də ciddi xəbərdarlıq oldu.
Şuşa
Bəyannaməsi yalnız hərbi-siyasi sənəd deyil. O, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyinin,
nəqliyyat layihələrinin və regional inteqrasiyanın yol xəritəsidir. Xüsusilə Zəngəzur
dəhlizinin açılması ilə bağlı müddəalar sənədin strateji əhəmiyyətini daha da
artırır. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməklə
yanaşı, Türkiyə ilə birbaşa quru əlaqəsinin formalaşmasına, Türk dünyasının
inteqrasiyasına və Avrasiyanın yeni nəqliyyat xəritəsinin yaranmasına xidmət
edir.
Bu
gün Azərbaycan və Türkiyə enerji təhlükəsizliyi sahəsində də mühüm tərəfdaşlardır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr Avropanın
enerji təhlükəsizliyinə mühüm töhfə verir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın
daha da genişlənməsinə, yaşıl enerji və yeni texnologiyalar sahəsində ortaq
layihələrin həyata keçirilməsinə əlavə imkanlar açır.
Son
illərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı da Şuşa Bəyannaməsinin
praktiki nəticələrindən biridir. Müasir hərbi texnologiyaların tətbiqi, birgə təlimlər,
müdafiə sənayesi məhsullarının istehsalı və hərbi kadr hazırlığı sahəsində əməkdaşlıq
Azərbaycan Ordusunun güclənməsinə mühüm töhfə verir. Bu gün Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığı regionun ən güclü strateji tərəfdaşlıq nümunələrindən biri
hesab olunur.
Şuşa
Bəyannaməsinin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyinə xidmət
etməsidir. Son illərdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun
artması, üzv ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycan
və Türkiyənin birgə təşəbbüslərinin nəticəsidir. Şuşada imzalanmış sənəd türk
dövlətlərinin yaxınlaşmasına və ortaq strateji maraqlar ətrafında birləşməsinə əlavə
stimul vermişdir.
2023-cü
ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi
qardaşlıq dəstəyi də Şuşa ruhunun real təzahürü oldu. Azərbaycan dövlətinin və
xalqının ilk gündən Türkiyənin yanında olması, Kahramanmaraşda Azərbaycan məhəlləsinin
inşası iki ölkə arasındakı münasibətlərin siyasi maraqlardan daha yüksək,
qardaşlıq və mənəvi bağlılıq üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Bu
gün dörd ilini qeyd etdiyimiz Şuşa Bəyannaməsi artıq özünü tam doğrultmuş
strateji sənəd kimi çıxış edir. Regionda baş verən hadisələr göstərir ki, Azərbaycan
və Türkiyənin birliyi təkcə iki dövlət üçün deyil, bütövlükdə bölgədə sülhün,
sabitliyin və inkişafın təmin olunması baxımından mühüm amildir.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə
bağlı olan ikinci dövlət tapmaq çətindir. Bizi birləşdirən yalnız ortaq tarix,
dil, din və mədəniyyət deyil, həm də ortaq gələcək hədəfləridir. Məhz buna görə
də Şuşa Bəyannaməsi sadəcə diplomatik sənəd deyil, qardaşlığın əbədi simvolu,
türk birliyinin strateji manifesti və gələcək nəsillərə ünvanlanmış siyasi və mənəvi
irsdir.
Şuşa
Bəyannaməsi göstərdi ki, “Bir millət, iki dövlət” ideyası artıq yeni mərhələyə
qədəm qoyaraq “Bir millət, iki dövlət, bir yumruq” reallığına çevrilmişdir. Bu
birlik və həmrəylik gələcəkdə də Azərbaycan və Türkiyənin ortaq uğurlarının əsas
təminatçısı olacaqdır.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



