Qəhrəman Azərbaycan övladları

2023-05-04 Baxış: 363
img

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 78-ci ili tamam olur. Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Amma bu qələbə Azərbaycan xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz, oğul və qızları bunun üçün canlarından-qanlarından keçdilər. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 300 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz faşizm üzərində Qələbənin 78 illiyində Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.

Eyni zamanda, 78 ildən çoxdur ki, Qələbə günü Böyük Vətən müharibəsi cəbhələrində ölüm-dirim savaşından zəfərlə qalib çıxmış döyüşçülər nəslini qırılmaz tellərlə indiki nəslə bağlayır. İllər su kimi axır. Ötüb keçən illər qəlbimizin dərinliklərində minnətdarlıq, məhəbbət dolu sözlərlə qalaq-qalaq kitablara köçürülsə də, bizim nəsillər bəşər tarixinin ən qanlı, ən dəhşətli müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları qarşısında daim borclu qalacaq.

Ulu Öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Ağaş Paşayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri