Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı

2024-10-01 Baxış: 209
img

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük uzaqgörənliklə söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir” sözlərinin təsdiqini ölkəmizin ən yeni tarixində baş vermiş siyasi proseslərin timsalında bir daha aydın şəkildə gördük. Çünki Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etsə də, 1993-cü ilin iyun ayının ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin sütunlarının kövrək olduğunu göstərirdi. Müxtəlif yollarla hakimiyyətə gəlmiş naşı və bacarıqsız qüvvələrin fəaliyyətsizliyi ölkədə özbaşınalığın artmasına, daxili sabitliyin pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuşdu. Xalq anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Heydər Əliyev dühası xilas edə bilər. Beləliklə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, həmin il oktyabr ayının 3-də ölkə Prezidenti seçilməsi isə Azərbaycanda sabitliyin, inkişaf və tərəqqinin başlanğıcı oldu. Dahi şəxsiyyətin ölkə Prezidenti kimi fəaliyyəti bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə həyata keçirdiyi milli dövlətçilik ideyalarının davamı olub, atılan addımlar müstəqilliyimizin qorunmasını və inkişafını, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutmasını şərtləndirib. Belə ki, görkəmli dövlət xadimi Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı düşmən təcavüzündən xilas edib, bu qədim Azərbaycan diyarında müstəqil dövlətçilik ənənələrini formalaşdırıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, milli ordumuzun ilk hərbi birləşmələri yaradılıb.“Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam”, – deyən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında Bakıya qayıdışı Azərbaycanın xilası, qurtuluşu kimi tarixə qızıl hərflərlə yazılıb. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər bu qayıdış baş verməsəydi, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi mövcudluğundan söhbət gedə bilməzdi.3 oktyabr tarixi isə sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran tarixi sınaq idi. Çünki xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək deyib: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin oktyabr ayından ölkə rəhbəri kimi fəaliyyətə başlaması qısa müddətdə ölkəmizdə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Azərbaycan 1969-cu ildə Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yoluna qayıtdı. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi ölkəmizin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın işğalının qarşısı alındı, digər tərəfdən, atəşkəs əldə edildi, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Yaradılmış sabitliyin nəticəsində qısa müddətdə beynəlxalq aləmdə Azərbaycana münasibət müsbət istiqamətdə xeyli dəyişdi.Beynəlxalq etimadın, inamın nəticəsi olaraq 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb. Bununla da ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi olan neft strategiyasının əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.Ümummilli Liderin fəaliyyətində ölkəmizin dünya birliyində demokratik dövlət kimi tanınması və qəbul edilməsi də mühüm yer tuturdu. Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyən görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən qanunvericilik bazası yaradıldı, demokratik cəmiyyət formalaşdırıldı. Eyni zamanda, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlığın əsası qoyuldu. Belə əməkdaşlıq münasibətləri isə tarixən Böyük İpək Yolunun əsas iştirakçılarından olan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrində rolunu ortaya qoydu. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətinin göstəricisidir. Məhz görkəmli dövlət xadiminin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində ötən il daha bir tarixi müqavilə imzalandı. 2017-ci il sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı.Həqiqətən bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir, dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bacarıqla qorunur.


Arif Bağırov,

YAP Neftçala rayon təşkilatının Neftçala-Neft ərazi partiya təşkilatının sədri