Tarixi yaddaşdan beynəlxalq ədalətə: Xocalı həqiqətlərinin dünyaya çatdırılması

Otuz
dörd il əvvəl törədilmiş Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı
həyata keçirdiyi müharibə cinayətləri arasında xüsusi amansızlığı ilə seçilir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndidə
yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edən erməni
silahlı qüvvələri bir gecənin içində şəhəri yerlə-yeksan etmiş, dinc əhaliyə
qarşı misli görünməmiş vəhşiliklər törətmişdir. Xocalı faciəsi mahiyyət və
miqyas etibarilə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi tanınan
Xatın, Holokost, Sonqmi, Lidice, Babi Yar, Ruanda soyqırımı və Srebrenitsa kimi
faciələrlə eyni sırada çəkilir.
Soyqırımı
nəticəsində bəzi ailələr tamamilə məhv edilmiş, mülki şəxslər xüsusi qəddarlıqla
qətlə yetirilmiş, əsir və girovlara ağır işgəncələr verilmişdir. Eyni zamanda şəhərin
sosial infrastrukturu tamamilə dağıdılmışdır: 105 sosial-məişət obyekti, 3200 fərdi
yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və
tarix-diyarşünaslıq muzeyi məhv edilmiş, XIV–XV əsrlərə aid tarixi-mədəni abidələr
və qəbiristanlıqlar vandalizmə məruz qalmışdır.
Beynəlxalq
hüquqa əsasən genosid – sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdən
biridir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 11 dekabr 1946-cı il
tarixli qətnaməsində genosidin insan qruplarının yaşamaq hüququnu inkar edən
cinayət olduğu vurğulanmışdır. 1948-ci ildə qəbul edilmiş 260 (III) saylı qətnamə
ilə təsdiq olunan “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyanın II maddəsində göstərilən meyarlar – milli və ya etnik
qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən və mənəvi xəsarət yetirilməsi,
fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması və digər əməllər –
Xocalıda baş verən hadisələrin hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməsinə
əsas verir.
Xocalı
soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində sistemli fəaliyyət
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır.
Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı
Günü haqqında” qərar qəbul etmiş, beynəlxalq təşkilatlara və dünya dövlətlərinə
müraciət ünvanlamışdır. 25 fevral 1997-ci il tarixli sərəncamla hər il fevralın
26-da saat 17:00-da Xocalı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan
olunmuşdur.
Sonrakı
illərdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmiş, müxtəlif dillərdə kitablar və sənədlər nəşr
edilmiş, beynəlxalq platformalarda təqdimatlar təşkil olunmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva tərəfindən bu məsələ daim diqqətdə saxlanılır. Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən layihələr, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı
soyqırımının tanıdılması istiqamətində mühüm rol oynayır. Bir sıra ölkələrin
parlamentləri və ABŞ-ın ştat qanunverici orqanları Xocalı hadisələrinə dair
müvafiq sənədlər qəbul etmişdir.
2020-ci
ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata
keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi tam bərpa olunmuş, separatçı rejimin rəhbərləri və digər
cinayətlərdə ittiham olunan şəxslər məsuliyyətə cəlb edilmişdir. Bu, Xocalı
qurbanlarının xatirəsinə ehtiramın və tarixi ədalətin təmin edilməsinin mühüm mərhələsi
kimi qiymətləndirilir.
Bu
gün Xocalı şəhəri dövlət proqramları çərçivəsində yenidən qurulur,
infrastruktur bərpa edilir və mərhələli qayıdış prosesi həyata keçirilir.
Xocalının dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, həm də tarixi
yaddaşın qorunması və beynəlxalq ədalətin bərqərar olunması istiqamətində
aparılan mübarizənin məntiqi nəticəsidir.
Asif Bayramov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Neftçala Olimpiya İdman
Kompleksinin direktoru
Digər xəbərlər



