Xocalı şəhidlərinin qisası və tarixi ədalətin bərpası

26 Fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş
soyqırımı Azərbaycan tarixində unudulmaz, qara səhifə kimi qalır. Bu faciə
yalnız tarixi bir qırğın deyil, həm də Azərbaycan dövlətçiliyinin və xalqının
milli təhlükəsizlik, ərazi bütövlüyü və insan hüquqlarının qorunması sahəsində
strateji dönüş nöqtəsidir. Xocalı soyqırımı nəticəsində yüzlərlə dinc sakinin qətlə
yetirilməsi, əsir götürülməsi və şəhərin dağıdılması uzun illər boyu Azərbaycan
ictimaiyyətinin yaddaşında dərin izlər buraxmışdır. Hadisə milli həmrəylik, ədalət
axtarışı və milli qürurun formalaşmasında əsas amil olmuşdur.
Xocalı şəhidlərinin qisası yalnız intiqam hissi ilə
izah edilmir; bu, Azərbaycan dövlətinin milli təhlükəsizlik, hüquqi ədalət və ərazi
bütövlüyü konsepsiyası çərçivəsində başa düşülür. 2020-ci ilin 44 günlük Vətən
Müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini,
o cümlədən Xocalı rayonunun yaxın kəndlərini azad etdi. Xocalı şəhəri və rayonun
bir hissəsi üzərində tam suverenlik isə 2023-cü ildə Azərbaycan Ordusunun həyata
keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təmin edildi. Bu əməliyyatlar
dövlətin Konstitusiyasına və beynəlxalq hüquqa uyğun olaraq aparılmış, hüquq
mühafizə orqanları tərəfindən ictimai təhlükəsizlik, sərhəd mühafizəsi və
qanunun aliliyi əsas götürülərək reallaşdırılmışdır. Nəticədə Xocalı rayonu üzərində
də Azərbaycan dövlətinin suverenliyi və qanuni nəzarəti tam bərpa olunmuş,
rayon ərazisində heç bir xarici hərbi və ya qeyri-dövlət silahlı qruplaşmaları
mövcud olmamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə
çıxışlarında qeyd etmişdir ki, Xocalı soyqırımı və digər faciələr qarşısında
milli birlik, dövlət iradəsi və güclü ordu əsas amillərdir. 44 günlük Vətən
müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində əldə edilmiş qələbələr
Azərbaycan xalqının haqq səsini bərpa etməsi və tarixi ədalətin təmin olunması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarixi ədalətin bərpası yalnız hərbi və təhlükəsizlik
tədbirləri ilə məhdudlaşmır; bu, həm də beynəlxalq səviyyədə tanınma və hüquqi
qiymətləndirmə prosesini əhatə edir. Xocalı soyqırımının beynəlxalq hüquqi və
siyasi müstəvidə tanınması sahəsində Azərbaycan diplomatiyası sistemli fəaliyyət
göstərmişdir. “Xocalıya Ədalət” beynəlxalq kampaniyası, bir sıra dövlətlərin
parlamentləri və beynəlxalq təşkilatların qətnamələri vasitəsilə hadisənin
soyqırımı aktı kimi qəbul olunmasına nail olmuşdur ki, bu da tarixi ədalətin
beynəlxalq səviyyədə təsdiqidir və şəhidlərin xatirəsinin qorunması üçün
vacibdir.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma
işləri də ədalət prosesinin ayrılmaz hissəsidir. Dövlət proqramları çərçivəsində
infrastrukturlar, yaşayış məntəqələri, məktəblər və sosial obyektlər bərpa
olunur, məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. “Böyük Qayıdış” adlı
strateji təşəbbüs milli birliyimizin və gələcəyə baxışımızın ifadəsidir: keçmiş
faciələrdən dərs alaraq ölkənin sabit inkişafını təmin etmək və vətəndaşların təhlükəsiz,
firavan həyatını yaratmaq məqsədini güdür.
Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə
tanınması üçün diplomatik və hüquqi səylərini davam etdirirlər. Bu səylər
yalnız tarixi ədalətin bərpası üçün deyil, eyni zamanda bütün dünya ictimaiyyətinin
insan hüquqlarına hörmət və zorakılığın qarşısının alınması prinsiplərinin gücləndirilməsi
üçün də vacibdir. Xocalı şəhidlərinin xatirəsi Azərbaycan Respublikası tərəfindən
hər il rəsmi surətdə yad olunur; 26 Fevral tarixində keçirilən anım mərasimləri,
memorial komplekslər və təhsil proqramları hadisənin yaddaşda saxlanmasını təmin
edir. Bu tədbirlər yalnız xalqımızın kollektiv yaddaşını qorumaqla qalmır, həm
də gələcək nəsillərə tarixi dərs və beynəlxalq ədalət mesajı verir.
Pərviz Cavadov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Neftçala şəhər Uşaq-İncəsənət məktəbinin direktor
müavini
Digər xəbərlər



