Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması.

XX
əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə
qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi
tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və
Srebrenitsa kimi dəhşətli faciələrindən heç də geri qalmır. Adıçəkilən hadisələr
müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün
dünyada geniş əks-səda doğurmuşdur.
Planlı
şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər
Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd
kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən
biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət
7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən
böyük və qədim yaşayış məskəni olmuşdur. Belə ki, burada qədim tarixi abidələr
müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl
XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi.
1992-ci ilin fevralında erməni silahlı qüvvələri Xocalı əhalisini vəhşicəsinə
qırarkən soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə
də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi
olan Xocalı abidələrini də dağıtmışlar.
Eyni
zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli
ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 kilometr
cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin
əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının
məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi
Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən
aeroportu ələ keçirmək idi.
Hələ
faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün
avtomobil yolları bağlanmış və Xocalının mühasirəsi başlanmışdı. Bununla
yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə,
artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş,
yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra
Xocalı ilə vertolyot əlaqəsi də kəsildi.
1992-ci
ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Belə ki,
fevral ayının 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan
silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək isə ermənilərin
Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində kəndin 92 nəfər müdafiəçisi
və 54 sakini öldürülərək silos quyusuna atılmış, 118 nəfər kənd əhalisi (uşaq,
qadın, qoca) girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə
yetirilmişdi. Bundan əlavə, 1991-ci il iyunun 28-də ermənilər həmin kəndin Vərəndəli
fermasında 6 nəfəri diri-diri yandırmışdılar.
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində
yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı
motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş
maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə
aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan
etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və
insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən,
gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə
salınanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə,
613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri
isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki,
onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər
itkin düşmüşdür.
Bütün
dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti
yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən
qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət
vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı
ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı
fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2002-ci
il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu
ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl
qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata
keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Elbrus Əliyev,
YAP
fəalı, Hacıqabul şəhər N.Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin
direktoru.
Digər xəbərlər



