İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir.

2026-02-26 Baxış: 4
img

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xo­calı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tut­du. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqla­rımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Ulu öndər Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandırmışdır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Xocalı soyqırımı dünənin, bugünün işi deyildi. Ermənistanın uzun müddət “böyük Ermənistan” dövləti yarat­maq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biridir. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasəti nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşla­rımız vəhşicəsində qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpa­ğı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd etmiş, münbit əraziləri ələ keçirməyə çalış­mış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxış­dırmış, onlara qarşı qəddarlıq nümayiş etdirmişlər.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşın­da erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçı­vanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə ya­şayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik tor­paqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür–Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı erməni silahlı birləşmələri tərəfindən zor gücünə öz doğma ata-baba yurdundan qovulmuşdu. 1988-ci ildə başlayan Qa­rabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” dövləti yaratmaq kimi cəfəng ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılma­sı, on minlərə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilmələri, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Həmin vaxt xarici havadarlarına və ermənipərəst qüvvələrə arxalanan ermənilər, eyni zamanda, dünyada baş alıb gedən özbaşınalıq və ikili stan­dartlardan daha da həyasızlaşırdılar. Belə bir vaxtda erməni faşistləri dün­yada analoqu olmayan Xocalı faciəsini törətdilər. Dünya birliyinin gözü qarşısın­da baş verən bu dəhşətli qətliam xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərini yerlə -yeksan etdi, dinc əhalini gülləbaran etdi, canlarını güclə qurtaranlar qışın soyuğunda, qarda, şaxtada dağlarda, meşələrdə gizləndi. Əksəriyyəti soyuq­dan donaraq öldü. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldü­rülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş və onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

 

 

 

Arzu Zərbəliyeva,

YAP fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.