Azərbaycanın mədəniyyət paytaxtı Şuşa – “Xarıbülbül” musiqi festivalı
Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımlarının, ordu quruculuğu prosesinin vaxtında və düzgün aparılmasının, eyni zamanda Azərbaycan ordusunun qəhrəmanlığının məntiqi təzahürü oldu. Torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə birliyimizin nə qədər sarsılmaz olduğunu ortaya qoydu. Bu yanaşma eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət ayrılmasının düzgün siyasət olmasını sübut etdi. Çox qürurverici hissdir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 2021-ci ilin 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Şuşada belə möhtəşəm festivalın keçirilməsi Azərbaycanda həm qələbənin rəmzi, eyni zamanda Respublikada hökm sürən tolerantlıq mühitinin əsl nümayişi idi. Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını özündə ehtiva edir. Otuz illik fasilədən sonra bu il ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının Şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, həm də onu göstərir ki, Vətən Müharibəsində qazanılmış Zəfər, mədəniyyət sahəsində də davam etdirilməkdədir. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər bayramına çevrildi. Hər birimiz sonsuz sevinc və qürur hissi keçiririk ki, Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir. Şəhərin əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr dirçəliş və inkişaf dövrüdür.Doğrudan da, cənab Prezident bütün müsahibə və xalqa müraciətlərində hər dəfə bildirirdi ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Odur ki, Vətən müharibəsindəki qələbədə Respublikada yaşayan bütün icmaların payı, töhfəsi vardır. “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Artıq Azərbaycan mədəniyyəti Şuşaya qayıtmışdır və bu qayıdış reallıqdır. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar. Bu qayıdışın digər bir simvolik başlanğıcı da müqəddəs Ramazan bayramı ilə əlaqədar Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması olmuşdur. Belə ki, Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərdə artıq azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında Ölkə başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Məhz həmin gün Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Əminik ki, bundan sonra da doğma Qarabağımızda Azərbaycan musiqisinin sehrli səsi bütün dünyaya nümayiş etdiriləcəkdir.
Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər