Azərbaycan öz xarici siyasət prioritlərini çoxdan müəyyən edib.

Müstəqil
dövlətimiz son 20 ildə xarici siyasətini ən vacib beynəlxalq meyarlar əsasında
müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib. Azərbaycan
tarazlı xarici siyasət yeritməklə müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz
regionunun rəqabət və qarşıdurma meydanına çevrilməsinə yol verməyib, milli mənafelərini
yetərincə qoruya bilib. Respublikamızın xarici siyasət fəaliyyətinin
formalaşması prosesi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi ilə
paralel baş verib. Buna görə də meydana çıxan problemlər rəsmi Bakının xarici
siyasətinə də müəyyən təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 9-da “Euronews”da yayımlanan müsahibəsində ölkəmizin
daxili və xarici siyasəti, strateji hədəfləri, Ermənistanla sülh prosesi və s.
haqqında danışıb. Dövlətimizin başçısı beynəlxalq arenada ölkəmizin
strategiyasına da toxunaraq müstəqil siyasət yürüdülməsinin davam edəcəyini
qeyd edib: “Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat
olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin – 120 üzv ölkənin
ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə
önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə
bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq,
qadınlar üçün platformanın yaradılması üzərində işlədik. Biz COVID pandemiyası
məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə,
bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı
nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla
əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı
münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi.
Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi
siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla
ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir
və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir”.
Ölkəmizin
regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunub.
Bu baxımdan cənab Prezident müsahibədə bağlantı layihələrindən böyük həcmdə mənfəətin
əldə olunacağını qeyd edib: “Artıq qeyd etdiyim kimi, biz Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə
daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait,
Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə
baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir.
Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar
yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı
planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri – bu da əlavə
aparıcı qüvvə olacaqdır”.
Ölkəmizin
xarici siyasət prioritetlərindən biri də regionda və beynəlxalq aləmdə
terrorizmə qarşı mübarizədir. Bu istiqamətdə Azərbaycan bir sıra ölkələrlə çoxtərəfli
və ikitərəfli beynəlxalq əməkdaşlıq edir. Azərbaycanın beynəlxalq terrorizmə
qarşı mübarizə ilə əlaqədar fəaliyyəti dünyanın inkişaf etmiş dövlətlərinin
başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən yüksək
qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan istənilən sahədə müsbət yöndə
regional və beynəlxalq əməkdaşlığa maraqlı olan ölkədir. Ölkəmizin bu istiqamətdə
də siyasəti ilə bağlı danışan Prezident İlham Əliyev deyib: “Biz hər zaman Azərbaycanı
istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin
toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan
bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və
biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin
inkişafına nəzər salsanız görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik
var. Nəqliyyat sahəsinə baxsanız görərsiniz ki, hər iki – Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif
regionlarda olan çoxsaylı ölkələr bundan faydalanır”.
Ümummilli
lider Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi
respublikamızın müasir dünyada xüsusi yerini müəyyənləşdirməklə milli dövlətçiliyimizin
bünövrəsini təşkil etmiş, beynəlxalq əlaqələrində keyfiyyətcə yeni mərhələnin əsasını
qoyub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın xarici
siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri
ümummilli mənafelərə əsaslanan xətlə inkişaf edir.
Sahib Aslanov,
Yeni
Azərbaycan Partiyasının veteran üzvü, Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri.
Digər xəbərlər



