Laçın - Xankəndi yolundakı vəziyyət müzakirə edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni
Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən
sonra televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı : "Bir çox məsələlər
müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin
imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə
ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu
sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir.
Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın
mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə
yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın
mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə
olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən
bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət
gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı
Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə
keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd
edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla
qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı
olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna
nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli
missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni
zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış
məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi
vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar
vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi.
Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün. Amma ilkin təəssüratımız
belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab
olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki,
önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış
məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında
danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda,
Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri
yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən
bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik"
deyə dövlət başçısı qeyd etmişdir.
Ağaş Paşayev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər