Qardaşlığın humanitar ölçüsü: Qarabağdan İssık-Kuladək

Azərbaycan
ilə Qırğızıstan arasında münasibətlərin möhkəm təməl üzərində inkişaf etməsinin
əsas səbəblərindən biri ortaq tarixi köklər, mədəni dəyərlər və türk dünyasının
yaratdığı mənəvi bağlılıqdır. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə
Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda humanitar əməkdaşlığa
xüsusi yer ayırması da təsadüfi deyildi. Dövlət başçısının səsləndirdiyi fikirlər
bir daha göstərdi ki, siyasi və iqtisadi tərəfdaşlığın uzunömürlü olmasının
başlıca şərti xalqlar arasında qarşılıqlı hörmətin, mədəni yaxınlığın və mənəvi
birliyin davamlı şəkildə möhkəmləndirilməsidir.
Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma
işlərinə Qırğızıstanın verdiyi dəstək iki ölkə arasında qardaşlıq münasibətlərinin
ən parlaq nümunələrindən biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi,
Ağdam rayonunda inşa edilən və "Manas" adını daşıyan məktəb Qırğız
xalqının Qarabağın dirçəldilməsinə verdiyi töhfənin rəmzinə çevrilib. Bu layihə
sadəcə təhsil müəssisəsinin tikintisi deyil, işğalın ağır nəticələrini yaşamış
bir bölgənin gələcəyinə verilən töhfə, eyni zamanda Türk dünyasının həmrəyliyinin
konkret ifadəsidir.
Qarabağda
həyata keçirilən bu humanitar layihə xüsusi siyasi və mənəvi məna daşıyır.
Çünki Azərbaycan ərazilərinin bərpasında iştirak edən dost və qardaş ölkələrin
dəstəyi beynəlxalq həmrəyliyin real təzahürü olmaqla yanaşı, postmünaqişə
dövründə əməkdaşlığın yeni modelini də formalaşdırır. "Manas" məktəbi
gələcək nəsillərə elm və bilik verməklə yanaşı, Azərbaycan–Qırğızıstan
dostluğunun canlı simvolu kimi də tarixə düşəcək.
Prezident
İlham Əliyevin bəyanatında xüsusi vurğuladığı məqamlardan biri də görkəmli
qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanda yüksək qiymətləndirilməsidir.
Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması, eləcə
də yazıçının həyat və yaradıcılığı ilə bağlı məkanların qorunub saxlanılması Azərbaycan
xalqının qırğız xalqının mənəvi irsinə göstərdiyi hörmətin ifadəsidir. Bu
addımlar xalqlar arasında qarşılıqlı ehtiramın və ortaq mədəni dəyərlərin
yaşadılmasına xidmət edir.
Eyni
zamanda Prezident İlham Əliyevin Bişkekdə yaradılmış Qırğızıstan–Azərbaycan
Dostluq Parkını xatırlatması humanitar əməkdaşlığın ardıcıl və sistemli
xarakter daşıdığını göstərir. Həm Bakıda, həm də Bişkekdə salınan bu cür mədəniyyət
və dostluq məkanları iki ölkənin paytaxtlarını mənəvi baxımdan bir-birinə daha
da yaxınlaşdırır, xalqlar arasında əlaqələrin inkişafına yeni impuls verir.
Azərbaycan
və Qırğızıstan arasında keçirilən qarşılıqlı Mədəniyyət Günləri, incəsənət
kollektivlərinin çıxışları, elmi və təhsil sahəsində əməkdaşlıq proqramları, gənclər
və tələbələr arasında mübadilə layihələri də humanitar münasibətlərin mühüm
istiqamətlərini təşkil edir. Bu təşəbbüslər xalqların bir-birini daha yaxından
tanımasına, ortaq tarixi və mədəni irsin qorunmasına, yeni nəsildə türk
dünyasına mənsubluq hissinin möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın
xarici siyasətində humanitar diplomatiya xüsusi yer tutur. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yalnız
iqtisadi və siyasi əməkdaşlığı deyil, mədəniyyətlərarası dialoqu, tarixi irsin
qorunmasını və mənəvi dəyərlərin təbliğini də beynəlxalq əməkdaşlığın ayrılmaz
hissəsi kimi təqdim edir. Qırğızıstanla münasibətlər də məhz bu konsepsiya əsasında
inkişaf edərək hər iki xalqın milli-mənəvi dəyərlərinin qorunmasına və gələcək
nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Bu
gün Azərbaycan–Qırğızıstan münasibətlərinə nəzər saldıqda aydın görünür ki, bu əlaqələrin
gücü yalnız imzalanan sənədlərdə və həyata keçirilən iqtisadi layihələrdə
deyil, həm də xalqları birləşdirən ortaq yaddaşda, mədəni irsdə və qarşılıqlı
etimada söykənən qardaşlıq münasibətlərindədir. Qarabağdan İssık-Kuladək uzanan
bu mənəvi körpü Türk dünyasının birliyini daha da möhkəmləndirir və gələcək əməkdaşlığın
etibarlı təməli kimi çıxış edir.
Ülviyyə
Abdullayeva,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala
şəhər 1 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər



