Azərbaycan–Qırğız İnvestisiya Fondu və iqtisadi tərəfdaşlığın yeni imkanları

2026-08-04 Baxış: 88
img

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə siyasi və humanitar sahələrlə yanaşı, iqtisadi əməkdaşlıq istiqamətində də dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı əldə olunan razılaşmalar bu inkişafın ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirdi. Xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iki qardaş ölkənin iqtisadi əməkdaşlığı daha yüksək mərhələyə yüksəltmək əzmindən xəbər verir.

Müasir dövrdə dövlətlər arasında strateji tərəfdaşlığın əsas göstəricilərindən biri qarşılıqlı investisiyaların həcmi və birgə iqtisadi layihələrin miqyasıdır. Azərbaycan və Qırğızıstan da məhz bu istiqamətdə mühüm addımlar ataraq iqtisadi münasibətləri yeni məzmunla zənginləşdirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Fondun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması son hədd deyil. Bu fikir tərəflərin uzunmüddətli iqtisadi əməkdaşlıq perspektivlərinə inamını və gələcəkdə daha böyük layihələrin həyata keçiriləcəyinə olan əminliyi ifadə edir.

Azərbaycan–Qırğız İnvestisiya Fondu təkcə maliyyə mexanizmi deyil, həm də ortaq iqtisadi inkişaf strategiyasının mühüm alətidir. Fondun dəstəyi ilə Qırğızıstanda həyata keçirilən layihələr yeni istehsal sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və investisiya mühitinin yaxşılaşmasına xidmət edir. Bu layihələr eyni zamanda Azərbaycan biznesinin Mərkəzi Asiya bazarına çıxış imkanlarını genişləndirir və iqtisadi əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır.

Dövlət başçısının səfəri çərçivəsində İssık-Kul gölünün sahilində inşa edilmiş beşulduzlu "Baku Resort & SPA" hotelinin açılışında iştirakı da iqtisadi əməkdaşlığın uğurlu nəticələrinin bariz nümunəsidir. Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən və "Bakı" adını daşıyan bu müasir turizm kompleksi yalnız investisiya layihəsi deyil, həm də iki xalq arasında dostluğun, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın rəmzidir. Belə layihələr iqtisadi fayda verməklə yanaşı, turizm, xidmət sektoru və regional inkişaf baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi iqtisadi siyasət qarşılıqlı fayda prinsipinə əsaslanır. Rəsmi Bakı investisiyaları yalnız maliyyə vəsaiti qoyuluşu kimi deyil, həm də yeni texnologiyaların tətbiqi, idarəetmə təcrübəsinin paylaşılması, istehsal kooperasiyasının genişləndirilməsi və insan kapitalının inkişafı üçün vasitə kimi qiymətləndirir. Bu yanaşma Azərbaycanı regionun etibarlı iqtisadi tərəfdaşı kimi səciyyələndirən əsas amillərdəndir.

Qırğızıstanın zəngin təbii resursları, kənd təsərrüfatı və turizm potensialı ilə Azərbaycanın sənaye, logistika, nəqliyyat və investisiya imkanları bir-birini tamamlayır. Bu qarşılıqlı üstünlüklər iqtisadi əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycan və Qırğızıstan arasında ticarət əlaqələrinin genişləndirilməsi, yükdaşımaların artırılması və yeni istehsal zəncirlərinin formalaşdırılması hər iki ölkənin iqtisadi maraqlarına tam uyğundur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi diplomatiya Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, yeni tərəfdaşlıqların qurulmasına və milli iqtisadi maraqların etibarlı şəkildə təmin olunmasına mühüm töhfə verir. Qırğızıstanla iqtisadi əlaqələrin genişləndirilməsi də bu siyasətin uğurlu nəticələrindən biridir. İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması və yeni layihələrin icrası göstərir ki, tərəflər əməkdaşlığı qısamüddətli deyil, uzunmüddətli strateji inkişaf modeli kimi nəzərdən keçirirlər.

Azərbaycan–Qırğız İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi iki ölkə arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan bu əməkdaşlıq modeli həm Azərbaycan və Qırğızıstanın sosial-iqtisadi inkişafına, həm də Türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verməkdə davam edəcək.

 

          Şahin Abdiyev,

          YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

          Cəngan kənd İƏD üzrə nümayəndə