Dövlət hər zaman öz əsgərinin yanındadır.
Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham
Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan
Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam şəhid
ruhlarına, şəhidlərin doğmalarına göstərilən ali ehtiramın təzahürüdür.
2020-ci il sentyabr
ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə
müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın
yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdu. Bu qanlı təxribat nəticəsində
ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan
Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının
qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara
başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi
Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb
edirdi.
İkinci Qarabağ
müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Məhz bu
Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan
sonra müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.
Vətən müharibəsinin
gedişində bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc
əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı
nəticələrini öz gözləri ilə gördü. Beynəlxalq ictimaiyyətə Ermənistan
hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim
olunub. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi
cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların
yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır.
Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən
təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri
törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli
bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində
100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuş, 400-dən
çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Bütün bunlar Azərbaycanı öz haqq savaşından
yayındırmadı, əksinə, milli ruhun yüksəlməsi torpaqlarımızın işğaldan azad
olunması prosesini sürətləndirdi. Cəmi 44 gün ərzində Ermənistanın bütün məkrli
planlarına baxmayaraq, ərazi bütövlüyümüz təmin olundu. Biz, hər birimiz
Vətənimizi bütöv edən şəhidlərimizə, qazilərimizə əbədi borcluyuq.
Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab
verən və siyasətində məhz vətəndaş məmnunluğu prinsipini əsas amil kimi tutan
dövlətdir. "Mən hər zaman qazilərin yanında olacağam", - deyən
Prezident cənab İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə
iştirakçılarına olan münasibətini bildirmiş oldu. Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan
qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin
möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə
təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkə
Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət
və qayğı göstərməsinin təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının
reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş
işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı
mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün
şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Tükəzban Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər