Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır.

2023-09-28 Baxış: 245
img

Bu gün Azərbaycan və Türkiyə dövlətləri arasında olan münasibətlərinin səviyyəsi dövlətlərarası əlaqələrin tarixində bənzəri olmayan, nadir hadisə kimi qiymətləndirilir. Hər iki ölkə dünyada çətin və mürəkkəb geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi bir zamanda dos, müttəfiq və etibarlı strateji tərəfdaşlar kimi münasibətlərinin inkişafında və daha da gücləndirilməsində maraqlı olduqlarını  daim əməli addımları ilə nümayiş etdirmişlər. Bu gün Azərbaycanla Türkiyə arasında olan və uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə bir-birinə sıx, qırılmaz tellərlə bağlıdır. Əminliklə demək olar ki, heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Çünki bu birlik 14 yanvar 1992-ci ildən bu günə kimi, düz 31 ildir ki, “Bir millət, iki dövlət” anlayışı ilə davam və inkişaf edir. Bəli, bu günün reallığı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu təsdiqləyir. İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Məhz bu günlərdə, sentyabr ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayrılmaz diyarımız olan Naxçıvana rəsmi səfəri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının, bir millətin iki dövlətin - Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir daha mesajı oldu. Ali qonağı-dostunu, qardaşını hava limanında qarşılayan Müzəffər Prezidentimiz cənab İlham Əliyev bununla dünyaya ölkələrimiz, xalqlarımız arasındakı münasibətlərin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Hər iki Lider Naxçıvanda mətbuata verdikləri bəyanatlarında Ölkələrimiz arasında olan əlaqələrin səviyyəsindən, dünən, bu gün, sabah həyata keçirilmiş, keçirilən və keçiriləcək layihələrdən ətraflı bəhs etdilər. Cənab İlham Əliyev nitqində “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi-müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı” deyərək böyük qardaşın hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini xüsusi vurğuladı. Bəli, 15 iyun, 2021-ci il - Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət2i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada imzaladıqları Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi əs qardaşlıq nümunəsildir. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan nitqində: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” deyərək, bəzi beynəlxalq dairələrə aydın mesaj verdi. Cənab Prezident çıxışında bir neçə gün öncə Azərbaycanın öz suverenliyini tam təmin etdiyinə diqqət çəkərək, iyirmi dörd saatdan da az vaxtda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan ordusunun Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində qalmış qanunsuz birləşmələrinin ağ bayraq qaldırdıqlarını və Ölkəmizin qoyduğu bütün şərtləri qəbul etdiyini bildirdi. Bu günki reallıqlar bir daha onu göstərir ki, iki qardaş ölkə arasındakı münasibətlər maraqlara deyil, dəyərlərə əsaslanır. İnanırıq ki, hər an daha da yaxınlaşan hər iki ölkə güclü Liderlərinin mükəmməl siyasətləri nəticəsində bundan sonra da daha böyük uğurlara imza atacaq və bu yolda birgə addımlayacaqlar!.

 

         Dünyamalı Məmmədli;

         Neftçala rayon ziyalısı, həkim