Namərd erməni atəşlərinin acı nəticələri.
Bu gün Heydər Əliyev siyasi kursu, Ulu öndərin əsasını
qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla
davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı
inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz
dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi
olaraq Azərbaycan 3 il bundan öncə özünün dövlətçilik tarixində indiyədək əldə
etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən
Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında
saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa
olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni
reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər
üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların
müəllifidir.
Erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların
başlanması 2020-ci ilin sentyabrından hələ çox əvvəl artıq tarixi zərurət kimi
ortaya çıxmışdı. Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində
aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları
xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan
ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam
hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada
olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən
birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri
münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan
verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı
yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti,
havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi
olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün
sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə
tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın
inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin
və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan
gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində
qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın
yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə
tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə
səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son
qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün
cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son
qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara
başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü,
tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.
Artıq bütün dünya erməni qəsbkarları tərəfindən
xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və
vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim
onları bu həqiqətlərin əksinə inandıra bilməz. Artıq bir çox beynəlxalq qurum və
təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad
edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan
hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq
vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib.
Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı
çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq
ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini
gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq
mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə
erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin
atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu,
gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi
cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən
düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri
törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli
bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə
yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən
çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam,
Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər
və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Rəsmi İrəvan bütün
bu cinayətlərə görə beynəlxalq müstəvidə hüquqi məsuliyyət daşımalıdır.
Rəhim İmanov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər