Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu.
1993-cü
ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident
seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ulu Öndər rəhbərlik etdiyi
dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından
çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata
keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə
ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki
qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın
sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə
ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Ulu Öndərin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir
Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının
müəllifi olan Ümummilli Lider Heydər Əliyev demokratik, hüquqi dövlət
quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və
azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada
əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində
növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv
edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər
bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində
iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin
edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.
1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan ilk neft
müqaviləsi imzalanmışdır. Müqavilənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin hələ sovet
dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri
sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli
Lider Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi
kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını
daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində
mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr
Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində
ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin
yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik
hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın
12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan
sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər
Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan
Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu
Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi
ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis
olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin
keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.
Azərbaycan Ulu Öndər Heydər Əliyevin
uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.
Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün
geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən
təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan
edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə
seçilmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər
Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Günel Əliyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər