Cəmi 6 il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı.
Ulu Öndər siyasi
fəaliyyəti boyu Azərbaycanın mənafeyini qorumuş, onun müdafiəsi və tərəqqisi
üçün əlindən gələni etmişdir. Məhz dahi liderin SSRİ-dəki fəaliyyəti
Azərbaycanın üzləşəcəyi labüd təhlükələri aradan qaldırılmasına yönəlmişdir.
Lakin Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi
siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
1987-1993-cü illər arasında öz fəallığını artıran erməni
milliyyətçiləri xalqımıza misilsiz ağrı-acılar yaşatmış, qanlı tariximiz məhz
bu dövrdə yazılmışdır. Həmin illər Azərbaycan üçün fəlakətlə nəticələnmişdir.
Bu barədə ölkə başçımız Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltdıqdan sonra çıxışında bildirib: "Cəmi altı il Azərbaycan
Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı,
utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini
dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa
çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə,
AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində
bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini
guya donduraraq kənara çəkildilər".
1987-ci ilin noyabr ayında artıq milliyyətçilər öz xain xislətlərini
işə salmağa başlamışdılar. Ermənistan SSR-in Qafan rayonunda artıq 1988-ci il
yanvarın axırlarında bir nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr
aylarında Ermənistanın digər bölgələrində yaşayan azərbaycanlıların da
vəziyyəti çətinləşdi. Buna görə, 1988-1990-cı illərdə, daha əvvəldən aydın
şəkildə qoyulan tələblər - azərbaycanlılar Azərbaycana, ermənilər isə
Ermənistana köçməlidir ilə böyük insan toplulularının köç prosesi başladı.
1988-ci il fevralın 13-də keçmiş DQMV-nin mərkəzində Qarabağ məsələsi
ilə bağlı ilk nümayiş təşkil edildi. Buna cavab olaraq, fevralın 19-da Bakıda
nümayiş keçirildi, "cəbhəçi"lərin fəallaşması üçün əlverişli şərait
yarandı. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq təşkilatçılarının bu
birliyi Azərbaycanı labüd sona doğru aparırdı. 1989-cu ilin 1 dekabr tarixli
"Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında"
qərar isə Azərbaycan və Ermənistan arasında soyuq müharibənin daha da
genişlənməsinə və insanlar arasında kütləvi nifrətin artmasına səbəb oldu.
Əslində, bu, münaqişə zonasının genişləməsi və yayılması demək idi. 1990-cı
ildə Bakıda baş vermiş yanvar hadisələrindən sonra Kremlin və prezident
Qorbaçovun nüfuzu da sarsılmışdı.
Heydər Əliyevin 1990-cı il 21 yanvarında Moskvada səsləndirdiyi
bəyanat, Azərbaycanda böhranın aradan qaldırılmasına köklənmişdi. Azərbaycan
SSR-in əvvəlki rəhbərliyinin iflası, ölkənin beynəlxalq milli dövlət
fikirlərinə əsaslanmış siyasətinin qeyri-adekvatlığı bir daha təsdiqləndi.
Bundan sonra Azərbaycana yeni bir lider, onun mənafeyini qoruyan sərkərdə gərək
idi. Lakin Azərbaycan bu prosesdə - yeni liderlər ilə yeni siyasətə keçid
prosesində gecikmə ilə qarşılaşdı. Məhz bunun nəticəsi olaraq Ermənistan
Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Nəticədə bir milyondan artıq insan
Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı.
1990-cı illərin əvvəllərində Azərbaycan xalqı ikinci dəfə qazandığı
müstəqilliyi əldən vermək üzrə idi. 1992-ci ildə silah gücünə iqtidara gələn
AXC- Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəmizi anarxiya,
xaos və hərc-mərcliyə sürükləyirdi. İqtidarın səriştəsizliyi nəticəsində
Azərbaycan iqtisadi böhranın məngənəsində boğulurdu. 1993-cü il iyunun 4-də
Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum
olmağın bir addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bunun qarşısını
almaq üçün heç bir iş görmək gücündə deyildi. Gəncə hadisələrindən sonra xalq Ulu
Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş
edirdi. O zaman dövətimizin nicat yolu Ulu Öndər Heydər Əliyevin Naxçıvandan
Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında,
liderlik məharətində, dövlətçilik təcrübəsində şəxsi keyfiyyətlərində idi. Hər
zaman xalqının yanında olan və onun arzularını reallaşdıran Ulu Öndər 1993-cü
il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ümidlərini özünə
qaytardı. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu,
böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz
günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı
ilə müstəqil dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi
tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.
1993-cü ildə qüdrətli Azərbaycan dövlətinin əsasları formalaşdırıldı
və gələcəyə ümid işığı yandı. Torpaqlarımızın işğal altına düşməsindən sonra öz
yaralarını sarmağa başlayan xalqımız öz lideri ilə gələcəyə daha nikbin
baxırdı. Məhz bunun nəticəsidir ki, o illərdə Azərbaycanın inkişafının əsası
qoyulmuş, 2003-cü ilə qədər güclü dövlətin sağlam təməlləri atılmışdır. Bu
həmin təməldir ki, indi onun üzərində ərazi bütövlüyünü və suverenliyini tam
bərpa etmiş Azərbaycan dövləti dayanır. Məhz bu gün qalib Azərbaycanın bayrağı
bütün Qarabağda - Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərədə, Sərsəng və
digər torpaqlarda da dalğalanır.
Səadət Səfərova,
YAP Neftçala rayon
təşkilatı
Ərazi partiya təşkilatının
sədr müavini
Digər xəbərlər