Qubadlı rayonu tamamilə işğaldan azad olundu.

Oktyabrın
25-də Qubadlı şəhərinin işğaldan azad olunmasının üçüncü ili xalqımız tərəfindən
böyük qürur hissi ilə qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan
azad edərək, düşmənin bütün həbi qüvvəsini darmadağın etdi və Azərbaycan
bayrağını Qubadlı şəhərində ucaltdı.
25 oktyabr
tarixi 44 günlük müharibənin gedişatı əhəmiyyətli dönüş nöqtəsi oldu.
Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər
güclü istehkamlar təşkil etmişdi. Bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri
yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə həmin yüksəkliklər götürülməli
idi. Bu mənada Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan ordusu ilk növbədə şəhərə hakim olan yüksəkliklərə nəzarəti ələ
keçirdi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən
tamamilə azad etdi və noyabrın 9-dək rayonun 41 kəndi işğaldan azad olundu. Digər
xüsusi bir məqam da budur ki, Qubadlının azad olunması Laçın dəhlizinin nəzarətə
götürülməsi üçün şərait yaratdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan
arasında rəsmi dövlət sərhədi olan rayonlarımızdandır. Qubadlının azad olunması
ilə Ermənistanla rəsmi dövlət sərhədinin bərpası prosesi başladı, rayonun digər
kəndlərinin azad olunması imkanları genişləndi.
Beləliklə,
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci
il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan
Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına
görə” medalı ilə təltif edilmişdir. 2020-ci il 23 dekabr tarixində Ali Baş
Komandan Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Həmçinin möhtərəm Prezidentimizin 31
iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən
25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunub. Qubadlının və işgal altında olan digər
torpaqlarımızın azadlığı və bütövlüyü naminə canlarını fəda etmiş bütün şəhidlərimizi
bir daha qürurla anaraq onlara Allahdan rəhmət və qazilərimizə şəfa diləyirik,
başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Ordumuza güc qüvvət arzulayırıq.
Azad
edilmiş Qubadlıda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi
Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet dövründə
Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat olub. Ancaq inşa
olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə
artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi
Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan
Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər.
Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz
çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf
dövrünə qədəm qoyur. Cənab
Prezident İlham Əliyevin dediyi kimi, bu gün Qubadlıya artıq öz sahibləri
qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər
görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu
kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma
işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Məhz bu səfərlər
zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird
yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi
Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli
qoyulub. Şübhəsiz ki, 44 günlük zəfər müharibəsində
Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qəhramanlıq salnaməsi
yaradan Azərbaycan xalqı qurub yaratmağa, düşmənin xarabazarlığa çevirdiyi
yurdlarımızı, zəhməti, alın təri sayəsində laləzarlığa-gülüstana çevirməyə
layiq bir xalqdır. Qısa bir zaman kəsiyində həmin ərazilərdə aparılan böyük
quruculuq işləri bunu deməyə əsas verir.
Fərhad Baxışov,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər



