Məsuliyyətli Ordu, mülki şəxslərin qorunması

2024-09-19 Baxış: 191
img

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Bundan əlavə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Artsax”ı təbrik etməsinin Azərbaycanın səbrini tükətmişdi. Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktlarının törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi.Cəmi 23 saat çəkən əməliyyatın əsas məqsədi Qarabağdakı qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi,onların hərbi obyektlərinin məhv edilməsi və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması idi. Əməliyyat zamanı Azərbaycan Ordusu müasir hərbi texnika və yüksək dəqiqlikli vasitələrdən istifadə edərək strateji mövqelərdə yerləşmiş qanunsuz erməni silahlı qüvvələrini sıradan çıxardı. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Xüsusi vurğulamaq lazımdır ki, əməliyyat zamanı Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış,  yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Müdafiə Nazirliyimiz mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etmişdir. Mülki əhali hərbi obyektlərdən kənar durmağa çağırılmış,  bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılmışdır. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman  erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bütün bunlar göstərdi ki, müharibədəki təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir.

 

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı

Neftçala-Neft ərazi partiya təşkilatının sədri