Demokratik respublika ənənələrinin əsasının qoyulduğu tarixi mərhələ

Azərbaycan
xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xüsusi yer tutur. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi
ilə xalqımızın müstəqillik iradəsi bütün dünyaya bəyan olundu, milli dövlətçilik
ənənələrinin yeni mərhələsinin əsası qoyuldu. Şərqdə ilk parlamentli respublika
olan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütövlükdə müsəlman Şərqinin
siyasi tarixində demokratik idarəçilik modeli formalaşdıran mühüm dövlət nümunəsinə
çevrildi.
Həmin
dövrdə son dərəcə mürəkkəb beynəlxalq və regional şəraitin mövcud olmasına
baxmayaraq, cümhuriyyət qurucuları xalqın milli maraqlarını əsas götürərək
demokratik dövlət təsisatlarının yaradılmasına nail oldular. Bu baxımdan Məhəmməd
Əmin Rəsulzadə və digər görkəmli dövlət xadimlərinin fəaliyyəti Azərbaycan
tarixində mühüm siyasi irs kimi qiymətləndirilir. Cümhuriyyət rəhbərləri dövlətin
milli maraqlara söykənən inkişaf modelini müəyyənləşdirərək hüquqi və
demokratik idarəetmə prinsiplərini ön plana çıxardılar.
Azərbaycan
Xalq Cümhuriyyətinin ən mühüm tarixi xidmətlərindən biri parlament ənənələrinin
formalaşdırılması oldu. 1918-ci ilin dekabrında fəaliyyətə başlayan parlament
ölkədə çoxpartiyalı siyasi sistemin inkişafına şərait yaratdı. Müxtəlif millətlərin
və siyasi qüvvələrin təmsil olunduğu parlament demokratik idarəçilik prinsiplərinin
tətbiqinin real nümunəsinə çevrildi. Bu, həmin dövr üçün təkcə regionda deyil,
bir çox ölkələrdə belə nadir siyasi təcrübə hesab olunurdu.
Cümhuriyyət
dövründə insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm
addımlar atıldı. Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycan dövlətinin
demokratik dəyərlərə sadiqliyinin göstəricisi idi. Bir sıra Avropa dövlətlərindən
əvvəl qadınlara seçmək və seçilmək hüququnun tanınması Azərbaycan Xalq
Cümhuriyyətinin mütərəqqi və modern dövlət modeli qurmaq niyyətini açıq şəkildə
nümayiş etdirirdi.
Milli
dövlət atributlarının yaradılması da cümhuriyyətin tarixi xidmətləri sırasında
xüsusi yer tutur. Dövlət bayrağı, gerb və himnin qəbul olunması milli dövlətçilik
düşüncəsinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu gün Azərbaycanın
üçrəngli bayrağı xalqımızın milli birliyinin, müstəqilliyinin və suverenliyinin
rəmzi kimi qürurla dalğalanır.
Azərbaycan
Xalq Cümhuriyyəti qısa müddətdə milli ordu quruculuğu, təhsil siyasəti və
diplomatik fəaliyyət sahələrində də mühüm uğurlar əldə etdi. Bakı Dövlət
Universitetinin yaradılması, milli kadr potensialının formalaşdırılması və Azərbaycanın
beynəlxalq münasibətlər sistemində tanınması istiqamətində atılan addımlar
cümhuriyyətin gələcəyə hesablanmış strateji baxışının göstəricisi idi.
Lakin
mürəkkəb geosiyasi proseslər və xarici müdaxilələr nəticəsində Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Buna baxmayaraq, həmin dövrdə
yaradılmış dövlətçilik ənənələri xalqımızın milli yaddaşında yaşadı və sonrakı
nəsillər üçün müstəqillik idealına çevrildi.
Məhz
buna görə də müasir müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq
Cümhuriyyətinin siyasi və mənəvi varisi hesab edir. Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
dövlətçilik strategiyası milli-mənəvi dəyərlərə və tarixi dövlətçilik ənənələrinə
əsaslanaraq müasir Azərbaycanın inkişafını təmin etdi. Bu siyasi kurs bu gün
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
tam bərpa olunması milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri
kimi dəyərləndirilir. Bu gün Azərbaycan Bayrağının işğaldan azad edilmiş
torpaqlarda dalğalanması 1918-ci ildə əsası qoyulan istiqlal ideyasının və dövlətçilik
ənənələrinin əbədi yaşadığını nümayiş etdirir.
28
May – Müstəqillik Günü Azərbaycan xalqının azadlıq iradəsinin, milli birlik əzminin
və demokratik dövlətçilik ənənələrinin təntənəsi kimi böyük qürur hissi ilə
qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu siyasi irs bu gün də
müasir Azərbaycanın inkişaf yolunda mühüm ideoloji və tarixi əsas olaraq qalır.
Arif
Bağırov,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
“Neftechala
Operating Company LTD” şirkətinin əməkdaşı
Digər xəbərlər



