Müstəqilliyin qorunması milli dövlətçilik məsuliyyətinin ən ali mərhələsidir.

“Müstəqilliyi
qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”.
Bu fikir Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin mahiyyətini və
tarixi təcrübəsini dəqiq ifadə edən mühüm siyasi tezis kimi səsləndirilib. Həqiqətən
də tarix göstərir ki, müstəqilliyin elan olunması qədər onun qorunması, möhkəmləndirilməsi
və gələcək nəsillərə ötürülməsi böyük siyasi iradə, milli birlik və güclü dövlətçilik
ənənələri tələb edir.
Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının azadlıq və istiqlal
arzularının gerçəkləşməsi idi. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi
ilə xalqımız müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Şərqdə
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti demokratik idarəçilik
ənənələrinin əsasını qoydu, milli dövlət atributlarını formalaşdırdı və xalqın
milli özünüdərk prosesində mühüm rol oynadı.
Lakin
cümhuriyyətin fəaliyyət göstərdiyi dövr son dərəcə mürəkkəb beynəlxalq şəraitlə
müşayiət olunurdu. Xarici müdaxilələr, daxili siyasi çətinliklər və geosiyasi təzyiqlər
nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Bu
tarixi təcrübə bir daha sübut etdi ki, müstəqilliyi əldə etmək qədər onu
qorumaq da güclü dövlət idarəçiliyi və milli həmrəylik tələb edir.
1991-ci
ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən
siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos və Ermənistanın hərbi təcavüzü
dövlət müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Həmin dövrdə ölkədə vətəndaş
qarşıdurması təhlükəsi yaranmış, dövlət institutları zəifləmiş, Azərbaycan
parçalanma riski ilə üzləşmişdi.
Belə
ağır və mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq dövlətçiliyin xilaskarı
missiyasını həyata keçirdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində
ölkədə siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələrin qarşısı
alındı, dövlət idarəçiliyi sistemi bərpa edildi və müstəqil Azərbaycanın gələcək
inkişaf strategiyası müəyyənləşdirildi.
Məhz
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi beynəlxalq
münasibətlər sistemində öz layiqli yerini tutmağa başladı. Milli maraqlara əsaslanan
xarici siyasət kursu, iqtisadi inkişaf strategiyası və hüquqi dövlət quruculuğu
istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın dövlət müstəqilliyini
daha da möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi və
siyasi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadı.
Bu
gün Ulu Öndərin siyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü, müasir və qalib dövlətə
çevrilib. Son illərdə ölkəmizin qazandığı siyasi, iqtisadi və hərbi uğurlar
müstəqilliyin etibarlı əsaslar üzərində inkişaf etdiyini göstərir.
Xüsusilə
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dövlətçilik
tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Prezident İlham
Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində
işğala son qoyuldu, dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Zəfər müstəqil
Azərbaycanın gücünü və milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Bu
gün Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün ərazilərdə dalğalanması
1918-ci ildə əsası qoyulan istiqlal ideyasının və milli dövlətçilik ənənələrinin
təntənəsidir. Azərbaycan xalqı artıq müstəqilliyini qorumağa qadir güclü dövlətə
sahib olduğunu bütün dünyaya sübut edib.
28
May – Müstəqillik Günü yalnız tarixi hadisənin ildönümü deyil, həm də dövlət
müstəqilliyinin qorunmasının nə qədər böyük məsuliyyət olduğunu xatırladan
mühüm gündür. Azərbaycan xalqı bu gün müstəqilliyin əsl dəyərini anlayaraq onu
qorumağın və daha da möhkəmləndirməyin milli vəzifə olduğunu dərk edir.
Müstəqilliyin
qorunması güclü dövlət, milli birlik, siyasi sabitlik və xalq-iqtidar həmrəyliyi
tələb edir. Müasir Azərbaycan bu prinsiplər əsasında inkişaf edərək öz müstəqilliyini
əbədi və dönməz edib.
Nicat
Axundzadə,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala
şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi
Digər xəbərlər



