28 May istiqlal ideyasının milli yaddaşda əbədi yaşadığı tarixi gündür.

2026-05-25 Baxış: 32
img

“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”.

Bu fikirlər Heydər Əliyev tərəfindən 28 May tarixinin Azərbaycan xalqının taleyində daşıdığı böyük tarixi və siyasi əhəmiyyəti dolğun şəkildə ifadə edir. Həqiqətən də, 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi xalqımızın milli azadlıq iradəsinin, dövlətçilik təfəkkürünün və müstəqillik idealının təcəssümü idi. Həmin gün Azərbaycan xalqı öz tarixində ilk dəfə olaraq demokratik respublika quraraq müstəqil yaşamaq əzmini bütün dünyaya bəyan etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə ölkəmizin deyil, bütövlükdə Şərqin siyasi tarixində mühüm hadisə idi. Şərqdə ilk parlamentli respublikanın yaradılması Azərbaycan xalqının yüksək siyasi düşüncəyə, demokratik dəyərlərə və müasir dövlətçilik ənənələrinə malik olduğunu nümayiş etdirdi. Bu baxımdan 28 May yalnız tarixi hadisə deyil, həm də milli qürur və dövlətçilik şüurunun formalaşdığı mühüm ideoloji mərhələdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzularının reallaşması idi. Həmin dövrdə fəaliyyət göstərən dövlət xadimləri milli maraqları əsas götürərək müasir dövlət quruculuğu istiqamətində mühüm addımlar atdılar. Demokratik idarəçilik prinsiplərinin tətbiqi, parlamentin yaradılması, milli ordu quruculuğu, dövlət atributlarının təsis olunması və insan hüquq və azadlıqlarının təmin edilməsi cümhuriyyətin tarixi xidmətləri sırasında xüsusi yer tutur.

Xüsusilə qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və mütərəqqi mahiyyətini nümayiş etdirən mühüm qərarlardan biri idi. Bir çox Avropa ölkələrindən əvvəl qəbul edilən bu qərar Azərbaycan dövlətçiliyinin müasir və qabaqcıl prinsiplərə əsaslandığını göstərirdi.

Lakin mürəkkəb beynəlxalq vəziyyət və xarici müdaxilələr nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü olmadı. Buna baxmayaraq, cəmi 23 ay fəaliyyət göstərən cümhuriyyət xalqımızın milli yaddaşında silinməz iz qoydu. İstiqlal ideyası sonrakı dövrlərdə də xalqın qəlbində yaşadı və müstəqillik arzusu heç zaman sönmədi.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. Lakin həmin dövrdə ölkədə yaranmış ağır siyasi və iqtisadi vəziyyət dövlət müstəqilliyini ciddi təhlükə altına salmışdı. Belə bir zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi.

Ümummilli Liderin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin olundu, dövlət idarəçiliyi sistemi möhkəmləndirildi və milli dövlətçilik ənənələrinin inkişafı istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə böyük önəm verərək istiqlal ideyasının gələcək nəsillərə çatdırılmasını vacib hesab edirdi.

Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan güclü, müasir və suveren dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, tarixi ədalət bərpa edilib və Azərbaycan xalqının milli qürur hissi daha da yüksəlib.

Bu gün Azərbaycan Bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalanması 28 May istiqlal ideyasının yaşayaraq zəfərə çevrildiyini göstərir. Bu, yalnız siyasi və hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli yaddaşına, dövlətçilik ənənələrinə və istiqlal irsinə sadiqliyinin parlaq nümunəsidir.

28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli birlik, azadlıq və dövlətçilik iradəsinin təntənəsidir. Bu tarix xalqımızın yaddaşında təkcə keçmişin xatirəsi kimi deyil, həm də müasir və gələcək Azərbaycanın inkişafına yol göstərən böyük siyasi və mənəvi irs kimi yaşayır.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Astanlı kənd tam orta məktəbin direktor müavini, partiya fəalı