Üçrəngli bayrağın azad torpaqlarda dalğalanması tarixi varisliyin və milli zəfərin təntənəsidir.

Azərbaycan
xalqının milli dövlətçilik tarixində üçrəngli bayraq xüsusi mənəvi və siyasi məna
daşıyır. Bu bayraq xalqımızın azadlıq iradəsinin, milli kimliyinin və müstəqillik
idealının rəmzi kimi böyük tarixi yol keçib. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması dövründə dövlət bayrağı kimi qəbul edilən üçrəngli bayraq bu gün
müstəqil Azərbaycanın suverenliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən
ən ali dövlət atributlarından biridir.
1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli dövlətçilik ənənələrinin
formalaşdırılması istiqamətində mühüm addımlar atarkən dövlət rəmzlərinə xüsusi
önəm verirdilər. Göy, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraq
türkçülük, müasirlik və islam həmrəyliyi ideyalarını özündə birləşdirərək
xalqımızın milli-mənəvi dəyərlərinin ifadəsinə çevrildi. Həmin dövrdə qəbul
edilən bu bayraq qısa müddətdə xalqın milli birlik və istiqlal simvolu kimi qəbul
olundu.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayraq uzun illər xalqımızın
yaddaşında müstəqillik arzularının rəmzi kimi yaşadı. Sovet hakimiyyəti dövründə
milli dövlətçilik atributlarının unutdurulmasına cəhd göstərilsə də, Azərbaycan
xalqı istiqlal düşüncəsini və dövlətçilik ənənələrini qoruyub saxlaya bildi.
Üçrəngli bayraq azadlıq və müstəqillik ideyasının mənəvi simvolu olaraq milli
yaddaşda yaşamağa davam etdi.
1991-ci
ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq
yenidən dövlət bayrağı kimi qəbul olundu. Bu, təkcə dövlət atributunun bərpası
deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsinə
sadiqliyin nümayişi idi. Müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsində üçrəngli
bayraq milli qürurun, vətən sevgisinin və dövlətə bağlılığın əsas rəmzlərindən
birinə çevrildi.
Heydər
Əliyev milli dövlətçilik ənənələrinin qorunmasına və dövlət atributlarına böyük
önəm verirdi. Ulu Öndər üçrəngli bayrağı Azərbaycanın müstəqilliyinin, xalqın
milli birliyinin və dövlətçilik iradəsinin əsas simvolu kimi dəyərləndirirdi. Məhz
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, milli
birlik təmin olundu və ölkənin gələcək inkişafının strateji əsasları
formalaşdırıldı.
Bu
gün Ulu Öndərin siyasi kursu İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən qüdrətli
dövrünü yaşayır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin
tam təmin olunması Azərbaycan xalqının milli qürurunu daha da yüksəldib.
Azərbaycan
Bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalanması isə dövlətçilik
tariximizin ən qürurverici hadisələrindən biri kimi yadda qalıb. Şuşada, Xankəndidə,
Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərdə üçrəngli bayrağın
ucaldılması xalqımızın əsrlər boyu yaşatdığı istiqlal arzusunun və milli
birliyinin təntənəsinə çevrilib. Bu mənzərə həm də Azərbaycan Xalq Cümhuriyyətinin
yarımçıq qalmış milli idealının müasir dövrdə tam reallaşmasının rəmzidir.
Bu
gün Azərbaycan Bayrağı yalnız dövlət atributu deyil, həm də xalqımızın mübarizə
ruhunun, şəhidlərimizin qəhrəmanlığının və ordumuzun şanlı Zəfərinin
simvoludur. Üçrəngli bayrağın azad torpaqlarda dalğalanması Azərbaycanın müstəqilliyinin
dönməzliyini, dövlətimizin gücünü və xalq-iqtidar birliyini bütün dünyaya
nümayiş etdirir.
28
May – Müstəqillik Günü münasibətilə üçrəngli bayrağımızın bu gün bütün suveren ərazilərimizdə
qürurla dalğalanması xüsusi məna daşıyır. Bu, yalnız tarixi ədalətin bərpası
deyil, həm də Azərbaycan xalqının milli dövlətçilik ənənələrinə sadiqliyinin və
istiqlal ideyasına bağlılığının parlaq təcəssümüdür.
Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq bu gün güclü və qalib Azərbaycanın
səmasında əzəmətlə dalğalanaraq gələcək nəsillərə müstəqillik, birlik və dövlətçilik
ruhu aşılayır.
Elman
Quliyev,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala
Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru
Digər xəbərlər



