Tariximin xoş sorağı - NOVRUZUM!

2022-03-18 Baxış: 440
img

Xalqımızı birləşdirən ən vacib əlamətlərdən biri də adət-ənənələrimizdir. Bu adət-ənənələrin daim qorunaraq yaşadılması hər bir soydaşımızın məsliyyəti olaraq nəsildən-nəsilə ötürülməkdədir. Bizi bizə daha yaxından tanıdan, adı çəkiləndə çöhrələrdə işıq, sevinc, təbəssüm yaradan adətlərimiz sırasında Novuz bayramı öz bənzərsizliyi ilə daim seçilmişdir. Novruz bayramı dedikdə uşaqdan-ahıl insanlara qədər hər kəsin üzündə sevinc görürük. Bu xoş soraqlı bayram yaddaşlarda belə qalmış, belə də yaşamışdır tarix boyu. Nədir Novruz bayramını bizlərə belə sevdirən, tarixin dönəmlərindən öz bənzərsizliyi ilə adlayaraq yaddaşdan-yaddaşa köçən.. Bu elə bir məfhumdur ki, hər birimiz sinədolusu söhbət açarıq Novruzdan. Elə bu sevgi dolu məftunluqdur ki, bu bayramı hər kəs sevir, onun gəlişində öz məsuliyyəti ilə öhdəsinə düşənləri yerinə yetirməyə səy göstərir, çalışır. Novruzun müqəddəsliyi də məhz onun təbiətin canı olaraq bizlərə təşrif etməsi, özünün ən ali təbəqəsi olaraq insan məfhumundakı gözəlliyi  qorumaq, onun təbiətlə sıx təmasını yaşatmaqdan ibarətdir. Novruz bayramının özəlliyi, yerinə yetirdikcə könüllərdə yandırdığı işıq o qədər güclüdür ki, bu bayramın gəlişində gücü olmayan, ən zəif halında olan insan belə “əziz bayram gəlir” – deyərək ayağa qalxar, bacardığı qədər məsuliyyətlə bayram hazırlıqları görər. İnsan ruhunu oyadan, ona yeni ümid bəxş edən Novruz bayramı könülləri sevindirər, ona xoş ovqat bəxş edər. Öz əlamətləri ilə bəzən uzaqdan baxana mürəkkəb görünən bu bayramda bütün insanlığa pay vardır. Bu gözəllik onun birlik çağırışı, həmrəylik sədasıdır. Novruz bayramının tarixi çox qədimdir. Hələ yazının olmadığı bir dönəmdə insanlar, əsasən türk xalqları  yazın  gəlişini, təbiətin oyanmasını, əmək fəaliyyətinin rüh yüksəkliyi ilə başlanmasını toplaşaraq qeyd edər, təbiətin oyanması ilə yenidən ümidlərin nicatına inanaraq fəaliyyət göstərərdilər. Sonradan yazılı ədəbiyyatda işıqlanaraq zamanla daha da geniş miqyas alaraq yaddaşlarda  öz dəyərli əlamətləri ilə özünə bənzərsizlik qazanan Novruz bayramı, həqiqətən, birlik, gözəllik, səmimiyyət, sevgi, bahar  bayramı kimi qeyd edilmiş, zaman keçdikcə daha da genişlənmişdir. İlkin halda əmək nəğmələrində öz gözəlliyini yaşadan Novruz sözünün mənası “yeni gün” deməkdir. Bu yeni gün təqvim üzrə 20-21 mart tarixi hesab edilmiş, təbiətin oyanması ilə insanları yenidən həyata səsləmişdir. “Yeni gün”ə keçmək üçün isə insanlar bir çox əlamətləri həvəslə icra edər, torpağa nəfəs verən baharın gəlişini sevgi ilə qarşılayardılar. Novruz bayramına qədər dörd çərşənbənin qeyd edilməsi, bu bayrama qədər görüləcək işlərin icrasını nizamlayır və eyni zamanda təbiətlə insanın birgə fəaliyyətinin vacibliyini, bu təmasın müqəddəsliyini qoruyur,  anladır. İlk  olaraq “su çərşənbəsi”nin əlamətəri icra edilir. Ev-eşik təmizlənir, axar su üstünə getmək, təzə su gətirərək həyətə səpmək, xəstəlikdən, sıxıntıdan qurtarmaq kimi qəbul edilər. Bu çərşənbə  fevral  ayının  son həftəsinin çərşənbə axşamı qeyd edilər. İkinci  çəşənbə “od çərşənbəsi” adlanır. Bu mart ayının birinci həftəsinin çərşənbə axşamı qeyd edilir. Burada od yene yurdu qurmaq, ona hərarət verərək sanki torpağın daha tez bərəkətlənməsinə, isinməsinə  işarət  vermiş olur. Üçüncü çərşənə “yel çərşənbə” adlanır ki, bu çərşənbə mart ayının ikinci həftəsinin çərşənbə axşamı qeyd edilir. Bu çərşənbədə küləyin əsməsi bir daha təbəti, ağacları oyadır. İnsanlar dünyadan köçənlərini bir daha yad edir, ruhları sevindirir. Dürdüncü və sonuncu çərşənbə isə “torpaq çərşənbəsi” adlanır. Bu çərşənbə də mart ayının üçüncü həftəsinin çərşənbə axşamı qeyd edilir.Torpaq  şümlanır, təbiətə qulluq, əkin işləri aparılır, xonçalar bəzədilir, insanlar bir-biri ilə xoş ovqatla görüşür, tonqal ətrafında şənlik edir. “Torpaq çərşənbəsi” daha geniş anlamla, sonuncu çərşənbə olaraq öz müqəddəsliyi  ilə  insanları  cəlb edir. Nənələrimizin  dediyi kimi, bu  çərşənbə günü çox xoş əhvalda olmalı, xoş sözlər danışmalısan. Qapıda qulaq asan, “qulaq falı” na çıxan insanların ümidinə yol açasan. Novruz bayramının əlamətləri təkcə çərşənbələrlə bitmir. Bayram günləri də “papaq atmaq”, şirniyyat xonçaları hazırlamaq, yumurta boyamaq, xəstə, yaşlı insnlara diqqət göstərmək, uşaqları sevindirmək, ocağımızın, vətənimizin qorunması üçün dualar etmək, Novruzun  atributlarından  olan  səməni cücərtmək, “Kosa” və “Keçələ” pay vermək və s. həyata keçirilir. Xalqımız bu gözəl bayramı o qədər çox sevir ki, bəzən bayram günü doğulan uşaqlara “Bayram”, “Bayram xatun”,” Bahar”adları da qoyurlar. Elə Novruzu yaşadan, bu günümüzə qədər səsləyən də elə onun kökündə olan xalq sevgisidir. Çünki o hər kəsin bayramı, həmrəylik, gözəllik, ülviyyət, birlik, bahar bayramıdır. Novruz bayramının yaranışındakı dərinlik, müqəddəslik zamanla böyük şəxsiyyətlərin qələmində də özünə yer almış, tarixə  köçərək  xatırlanmış,  insan-təbiət birlik anlamı həmrəylik çaları ilə rövnəqlənmiş, sevgi çələngi ilə qorunmuşdur. Təsadüfi deyil ki, böyük flosoflardan Əbu Reyhan Biruni, Mahmud Kaşğarlı, Ömər Xəyyam, Yusif Balasaqunlu, Nizami Gəncəvi, Məhəmməd Hüseyn Şəhriyar, M.Ə.Sabir və başqaları zamanla Novruz mövzusuna  toxumuş, əsərlərində bu müqəddəs bayram haqqında fikirlər söyləmişlər. Elə bu münasibət, bu sevgi ilə xatırlanan Novruz bizim əsrimizə qədər yaşamış, ən böyük qiymətini də məhz Ulu Öndər Heydər Əliyevin Respublikamıza rəhbər təyin edildiyi ildə almışdır. Sovet dönəmində “dini bayram” adı ilə  sıxışdırılan Novruz bayramının keçirilməsi Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən Azərbaycan xalqının Milli  bayramı kimi qeyd edilməsi haqqında verdiyi qərardan sonra daha da genişlənmişdir. Bu dəstək Ulu Öndərin bir daha xalqımızın tarixinə, adət-ənənələrimizə olan hörmətini, sevgisini göstərərək bu işin hər kəsin  məsuliyyəti olduğunu  bildirmişdir. Gözəl fikirlər, sevgi dolu ürəklərdə daha da inkişaf edərək çiçəklənər, tarix boyu yaşayar. Bu gün xalqımızın Milli bayramı olan Novruz Bayramı Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın xüsusi əməyi nəticəsində YUNESKO –nun  qeyri-maddi  mədəni irs siyahısına daxil edilmiş, 2010-cu  ildən isə BMT-nin qətnaməsi  ilə  bu  müqəddəs  bayramın - 21 mart “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi qəbul edilmişdir. “Beynəlxalq Novruz Günü” nün qeyd edilməsi Türkiyə, Hindistan, Tacikistan, Əfqanısatan, Türkmənistan, Qırğızıstan, İran, Qazaxıstan, Albaniya, Makedoniya tərəfindən həmmüəllif olaraq birgə hazırlanmış, Azərbaycan dövləti tərəfindən BMT-yə təqdim edilərək qəbil edilmişdir. Bu gün xalqımız Novruz bayramını daha vüqarla qarşılayır. İşğal edilmiş torpaqlarımız  azaddır, Şuşada əzəmətli üçrəngli bayrağımız üçalır. Şəhid ruhlar sevinir,  körpələrin simasını təbəssüm bəzəyir. Biz hər birimiz arzu edirik ki, xalqımızın müstəqilliyi əbədi olsun, torpaqlarımız daim azad, xalqımız xoşbəxt olsun. Adətlərimiz buxov görməsin, dağlarımızın başı silah səsi deyil, təbiətin gözəl bəzəyi ilə vüqarlansın, əzəməti  ilə seyr edilsin. Xalqımızın birliyi günü-gündən qüvvətlənsin. Əziz xalqımız, Novruz bayramınız mübarək olsun!

 

             Bədirə Niftaliyeva,

             Neftçala rayon sakin, ziyalı, ədib