Azərbaycanda idman siyasəti və beynəlxalq yarışların rolu – güclü potensialın və tarixi qələbələrin təzahürü

2026-05-04 Baxış: 38
img

Ölkəmizdə keçirilən idman yarışları idman növlərinin populyarlaşmasında, geniş kütlələr arasında yayılmasında və gənclərin bu sahəyə marağının artırılmasında mühüm rol oynayır. Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi tanınır və bu istiqamətdə formalaşmış zəngin təcrübəyə malikdir. Keçirilən yarışlar yalnız idman nəticələri ilə deyil, həm də təşkilati səviyyəsi, infrastrukturu və beynəlxalq standartlara uyğunluğu ilə diqqət çəkir.

Ölkəmizdə təşkil olunan mötəbər yarışlar sırasında Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları xüsusi yer tutur. Bu yarışlar miqyasına, təşkilati səviyyəsinə və iştirakçı sayına görə demək olar ki, Yay Olimpiya Oyunlarına yaxın formatda keçirilmiş və Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu bir daha nümayiş etdirmişdir. Bu tədbirlər vasitəsilə Azərbaycan təkcə idman ölkəsi kimi deyil, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş və yüksək səviyyəli təşkilatçı kimi özünü təsdiqləmişdir.

Xüsusilə diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, son illərdə keçirilən beynəlxalq yarışlar yalnız paytaxtla məhdudlaşmayaraq regionları da əhatə etmişdir. MDB Oyunlarının bölgələrdə təşkili bu baxımdan əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Bu, bir tərəfdən regionlarda idman infrastrukturunun inkişafını sürətləndirir, digər tərəfdən isə idmanın ölkə üzrə daha geniş yayılmasına şərait yaradır. Belə yanaşma göstərir ki, Azərbaycanda idmanın inkişafı ümummilli xarakter daşıyır və bütün bölgələri əhatə edən kompleks siyasət əsasında həyata keçirilir.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə idmana və idmançılara göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yaradılmış müasir idman infrastrukturu, keçirilən beynəlxalq yarışlar və idmançılara göstərilən diqqət bu sahənin davamlı inkişafını təmin edir. İdmançılar da bu qayğını aydın şəkildə hiss edir, onu yüksək nəticələrlə doğrultmağa çalışırlar.

Avropa çempionatında qazanılan tarixi qələbə də məhz bu sistemli siyasətin və yaradılmış imkanların nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, həm yunan-Roma, həm də sərbəst güləş üzrə milli komandalarımızın komanda hesabında birinci yeri tutması Azərbaycan güləş tarixində mühüm hadisədir. Bu, təkcə bir idman növündə deyil, bütövlükdə güləş məktəbinin gücünü və çoxşaxəli inkişafını nümayiş etdirir.

Belə nəticələr bir daha sübut edir ki, Azərbaycanda idman yalnız fərdi nailiyyətlər üzərində qurulmur, o, sistemli yanaşma, dövlət dəstəyi və güclü təşkilati potensial əsasında inkişaf edir. Bu isə gələcəkdə daha böyük uğurların əldə olunacağına əsas verir və Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir.

 

Nicat Axundzadə,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Neftçala şəhər 4 saylı tam orta məktəbin təşkilatçısı, tarix müəllimi