Azərbaycan idmançısı yüksək mənəvi dəyərlərin daşıyıcısıdır.

Tanınmış idmançılar daim cəmiyyətin
diqqət mərkəzində olurlar və onların fəaliyyəti yalnız yarış meydanları ilə məhdudlaşmır.
İdmançıların qazandıqları medallar, əldə etdikləri titullar nə qədər önəmlidirsə,
onların gündəlik həyatda nümayiş etdirdikləri davranış, cəmiyyətdə tutduqları
mövqe və mənəvi keyfiyyətləri də bir o qədər əhəmiyyətlidir. Məhz bu amillər
idmançının həqiqi nüfuzunu formalaşdırır və onu cəmiyyət üçün örnəyə çevirir.
Azərbaycan idmanında bu
baxımdan formalaşmış müsbət ənənə xüsusi qeyd olunmalıdır. İdmançılarımız təkcə
yarışlarda deyil, eyni zamanda cəmiyyət içində, məişətdə, ictimai münasibətlərdə
də özlərini layiqincə aparmaları ilə seçilirlər. Bu, heç də bütün ölkələr üçün
xarakterik hal deyil. Dünya təcrübəsində məşhur idmançıların idman
karyerasından kənarda müxtəlif səbəblərdən nüfuzlarını itirmələri, cəmiyyət tərəfindən
mənfi qarşılanmaları ilə bağlı kifayət qədər nümunələr mövcuddur. Lakin Azərbaycanda
belə halların demək olar ki, müşahidə olunmaması ölkəmizdə idmanın təkcə fiziki
deyil, eyni zamanda mənəvi tərbiyə məktəbi kimi inkişaf etdiyini göstərir.
Bu yanaşma təsadüfi deyil.
Uzun illər ərzində formalaşmış idman mühiti, məşqçi-idmançı münasibətlərində
mövcud olan dəyərlər sistemi və ümumilikdə idmana yanaşma idmançıların şəxsiyyət
kimi formalaşmasına ciddi təsir göstərir. Burada yalnız nəticə əldə etmək
deyil, eyni zamanda nümunəvi vətəndaş yetişdirmək əsas məqsədlərdən biri kimi
çıxış edir. Məhz buna görə də Azərbaycan idmançıları qazandıqları medallarla
yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə də seçilirlər.
Çempionların və
mükafatçıların cəmiyyətdə nümunəvi davranış sərgiləməsi xüsusilə vacibdir.
Onlar gənc nəsl üçün örnək rolunu oynayır, onların həyat tərzi və davranışı
minlərlə gənc tərəfindən izlənilir və təqlid olunur. Bu baxımdan idmançının məsuliyyəti
daha da artır və onun hər bir addımı müəyyən mənada ictimai əhəmiyyət kəsb
edir. Azərbaycan idmanında bu məsuliyyətin dərk olunması və buna uyğun
davranışın nümayiş etdirilməsi müsbət ənənə kimi formalaşıb.
Eyni zamanda, bu sahədə nəsillərarası
davamlılıq da diqqətəlayiq məqamdır. Vaxtilə ölkəmizi təmsil etmiş, uğurlar
qazanmış idmançılar bu gün məşqçi kimi fəaliyyət göstərir, yeni nəsil
idmançıların yetişməsində mühüm rol oynayırlar. Onlar yalnız peşəkar bilik və təcrübələrini
deyil, həm də formalaşmış mənəvi dəyərləri öz tələbələrinə ötürürlər. Bu, Azərbaycan
idmanında ənənələrin qorunub saxlanılması və davam etdirilməsi baxımından
xüsusi əhəmiyyət daşıyır.
Tarix boyu ənənələrin
davamlılığı hər bir cəmiyyətin inkişafında mühüm rol oynayıb və bu proses Azərbaycan
cəmiyyətində də aydın şəkildə müşahidə olunur. İdman sahəsində formalaşmış bu
davamlılıq yalnız nəticələrdə deyil, eyni zamanda münasibətlər sistemində,
kollektiv ruhda və qarşılıqlı hörmətdə özünü göstərir. Bu isə həm idman
ictimaiyyətini, həm də bütövlükdə cəmiyyəti daha da yaxınlaşdırır, milli həmrəyliyin
möhkəmlənməsinə töhfə verir.
Beləliklə, Azərbaycan
idmançılarının qazandıqları uğurlar yalnız medallarla ölçülmür. Onların cəmiyyətdə
nümayiş etdirdiyi yüksək davranış mədəniyyəti, mənəvi keyfiyyətləri və örnək həyat
tərzi bu uğurların ən mühüm tərkib hissəsidir və Azərbaycan idmanını fərqləndirən
əsas xüsusiyyətlərdən biri kimi çıxış edir.
Asif Bayramov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala
Olimpiya İdman Kompleksinin direktoru
Digər xəbərlər



