2022-ci ilin birinci rübünün yekunları inkişaf tendensiyasından xəbər verir

2022-04-18 Baxış: 225
img
2022-ci il aprel ayının 12-də Möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə hesab etmək olar ki, həm də postmüharibə dövrünün bir illik hesabatı idi. Müşavirədə cənab Prezidentin söylədiyi yekun nitqi gələcək planlarla bağlı böyük bir proqram sənədidir. Burada ölkə daxilində hazırda həyata keçirilən infrastruktur layihələri, eyni zamanda xarici siyasət və regional məsələlərə də kompleks şəkildə qeyd edilmişdir. Müəzffər Prezident İlham Əliyev nitqində ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlərin plan üzrə getməsi, ərazilərimizin bərpası və Böyük Qayıdışın tezliklə reallaşdırılmasına heablanmış Ağdam və Füzuli şəhərlərinin Baş planlarının təsdiqlənməsi və bu sahədə işlərə start verilməsini məmnunluqla qeyd etmişdir. Belə ki, təkcə bu ilin 3 ayında 470 meqavat gücündə iki elektrik stansiyasının təməli qoyulmuşdur. Qeyri-neft iqtisadiyyatımız 10%-dən, ölkənin xarici ticarət dövriyyəsi 60%-dən çox artmışdır. Avropa İttifaqının Azərbaycana 2 milyard dollarlıq paket elan etməsini müsbət hal kimi dəyərləndirən ölkə Prezidenti, bir çox layihələrin borc götürülmədən də icra ediləcəyini elan etmişdir. Cənab Prezident dünyada baş verən hadisələr fonunda ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün işlərin görülməsinə diqqət çəkərək müvafiq tapşırıqlarını vermişdir. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbirin Şuşada keçirilməsi, beynəlxalq təşkilatların, əsasən də BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının postmüharibə reallıqlarını, həmçinin Azərbaycanın ərazi bütövlüyünü de-fakto və de-yure qəbul etmələrinin təzahürü kimi qəbul edilməlidir. Azərbaycanın xarici siyasəti müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğurlar qazanır. BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatına hazırda Azərbaycan sədrlik edir. Qoşulmama hərəkatının həm işğal, müharibə və postmüharibə dövründə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etməsi mühüm tarixi-strateji uğurdur. Dövlət başçısı müşavirədə bir məsələni də xüsusi vurğuladı ki, “ATƏT-in Minsk qrupu” de-fakto etibarsızıdır, qeyri-funksionaldır. Həmsədr ölkələrin 28 il müddətində Azərbaycana və Ermənistana etdikləri yüzlərlə səfərin nəticəsi sıfıra bərabər olmuşdur. Xüsusi qeyd etməliyik ki, ATƏT-dən fərqli olaraq Avropa İttifaqı ilə münasibətlər müharibədən sonra daha intensiv xarakter almışdır. Aprel ayının 6-da Brüsseldə təşkil olunmuş üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etməsi növbəti tarixi uğurumuzdur. Cənab Prezident bunu, həmçinin son 30 ildə birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin telefon söhbətini mühüm hadisə və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi qiymətləndimişdir. Dövlətimizin başçısı müşavirədəki çıxışında Xocalı soyqırımına toxunaraq hər cür risklərə hazır olmaq üçün müasir ordu quruculuğunun prioritet olduğunu vurğulamışdır. Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqət çəkərək ordu quruculuğunun yaxın gələcəkdə peşəkar hərbi kadrlardan komplektləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü nəzərə çatdırmışdır. Ölkə Prezidenti müşavirədə regional kommunikasiyaların açılmasının vacibliyi vurğulayaraq, xüsusilə Zəngəzur dəhlizi ilə əlaqədar Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı Brüsseldə geniş fikir mübadiləsi aparıldığını geniş auditoriyaya elan etmişdir. 12 aprel müşavirəsi ölkədaxili proseslərin hərtərəfli təhlili və beynəlxalq arenada baş verən hadisələr fonunda görülmüş işlər, eləcə də Azərbaycanın maraq və mənafelərinin təmin olunması istiqamətində atılacaq addımların müəyyənləşdirilməsində mühüm bir hadisə kimi yadda qalacaqdır.
Firdovsi Tağıyev,
YAP Neftçala rayon təşkilatını fəal üzvü, ziyalı, müəllim