İsrail və Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var.

2025-09-02 Baxış: 63
img

Çoxşaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirib. Vətən müharibəsindəki tarixi hərbi-siyasi Zəfəri beynəlxalq aləmdə dövlətimizin nüfuzunun yüksəlməsi ilə yanaşı, müxtəlif proseslərə təsir etmək imkanlarını da artırıb. Rəsmi Bakının yalnız regional deyil, eyni zamanda geniş çərçivədə qlobal hadisələrdə də rol oynamağa başlaması bu günün reallığıdır.

Müstəqil Azərbaycanın formalaşdırdığı xarici siyasət kursunun əsas istiqamətlərindən biri Yaxın Şərq regionu ilə münasibətlərdir. Rəsmi Bakı bu münasibətləri balanslaşmış, qarşılıqlı faydalı əməkdaşlıq və regional sabitlik prinsiplərinə əsaslanaraq qurub. Bu baxımdan ölkəmizin ərəb dövlətləri ilə son illər daha da genişlənən əlaqələri böyük əhəmiyyət kəsb edir.

Azərbaycan islam dünyasının təmsilçisidir. Müsəlman dövlətləri torpaqlarımızın işğal altında olduğu müddətdə daim ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə öz dəstəklərini ifadə ediblər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında ərəb ölkələri ilə uğurla əməkdaşlıq edir.

Özü uzun illər bir sıra dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlarından əziyyət çəkmiş, beynəlxalq səviyyədə tanınmış əraziləri - Qarabağ və Şərqi Zəngəzur otuz ilə yaxın işğal altında qalmış, nəhayət, bütün maneələrə baxmayaraq, ədaləti bərpa edərək torpaqlarını əsarətdən qurtarmış Azərbaycan münaqişələrlə, müharibələrlə üzləşməyin dəhşətlərini yaxşı bilir və bunu heç bir ölkəyə arzulamır. Ölkəmiz bütün dünyada sülhün tərəfdarı kimi tanınır. Bu baxımdan Azərbaycanın Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasına, görüşlərin təşkil olunmasına verdiyi töhfələr təqdirəlayiqdir.

Avqusun 26-da dövlətimizin başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində müxbir bu məsələni vurğulayaraq soruşub: "İsrail ilə Suriya arasında baş verən hadisələr və Sizin vasitəçiliyinizlə atılan addımlar bu iki ölkə arasında gərginliyin azaldılmasına gətirib çıxaracaqmı?" Prezident İlham Əliyev bildirib: "Hesab edirəm ki, İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var".

Dövlətimizin başçısı İlham Əliyev Prezident Əsədin hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimizin olmadığını, onların Azərbaycanla çox ədalətsiz davrandıqlarını, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdiklərini xatırladıb: "Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Azərbaycan islam həmrəyliyi prinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycana qarşı Ermənistanla - məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi. Hər iki tərəf - Prezident Əsədin komandası və bizim komanda 10 ildən çox müddət ərzində bütün əlaqələri kəsdi. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik".

Dövlət başçısı bu ilin aprelində Türkiyədə Əhməd Əl Şaraa ilə görüşünü və onu səfərə dəvət etdiyini qeyd edib.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasına iyulun 12-də gəlib. Əhməd Əl Şaraanın ölkəmizə rəsmi səfəri, aparılan danışıqlar Azərbaycan-Suriya əlaqələrinə yeni töhfələr verib, ikitərəfli əlaqələri yeni səviyyəyə qaldırıb.

Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində ölkəmizin Suriyaya humanitar yardım etməyə başladığını, təbii qaz təchiz etmək üçün dəstək göstərdiyini vurğulayıb. "Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik", - deyən dövlətimizin başçısı qeyd edib ki, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu: "Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək".

Prezident bir mühüm məsələni də diqqətə çatdırıb ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir: "Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun".

 

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri