Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə”
telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən prosesləri
və regionu gözləyən perspektivləri anlamaq baxımından əhəmiyyətlidir. Azərbaycan lideri
Ermənistanla sülh müqaviləsinin paraflanmasından tutmuş, regional və qlobal
müstəvidə baş verənləri, bunun ölkəmizə təsirləri, eləcə də rəsmi Bakının
tutduğu strateji xətti aydın şəkildə izah edir. “Təxminən beş il ərzində
Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv
mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə
cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik:
Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan
vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər,
güclü təhlükəsizlik zəmanətləri olmalıdır”. Bu fikirləri Azərbaycan Prezidenti
İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində
bildirib.
Zəngəzur dəhlizi yeni tarixi şəraitdə iqtisadi və siyasi baxımdan bütöv
olan köhnə coğrafiyanın yenidən bərpası hadisəsidir. Bu səbəbdən də dəhlizin
hansı şərtlərdə, hansı hüquqi statusda və hansı rejimdə açılması məsələsi təkcə
Azərbaycan üçün deyil, bütövlükdə Anadolu, Cənubi Qafqaz və Mərkəzi Asiya
regionuna marağı olan bütün aktorların diqqət mərkəzindədir. Zəngəzur dəhlizi,
sadəcə, nəqliyyat-kommunikasiya vasitəsi deyil, eyni zamanda, mühüm geostrateji
layihədir. Ona görə də nə zaman bu dəhlizdən və onun hüquqi statusundan
danışılırsa, dünyanın ən strateji güc mərkəzlərində bu məsələyə dərhal
münasibət bildirilir, proseslərə müdaxilə cəhdləri müşahidə olunur. Müasir
dünyada enerji daşıyıcılarının təhlükəsizliyi qədər onların daşınmasının və
logistikasının düzgün təşkili də böyük önəm kəsb edir. Azərbaycanın enerji
resurslarının çatdırılmasında beynəlxalq tərəfdaşları cəlb etməsi, güclü
logistik infrastruktur formalaşdırması və Zəngəzur dəhlizinin funksionallığına
nail olması ölkəmizin strateji dəyərini bir daha ortaya qoyur. Ermənistan 42
kilometrlik bu dəhlizdə işləri vaxtında yekunlaşdıra bilsə, regionun gələcəyi
üçün müsbət nəticələr qaçılmaz olacaq. Zəngəzur dəhlizi həm də Cənubi Qafqazın
geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Marşrutun
açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək,
Ermənistan isə tranzit ölkə kimi yeni imkanlardan istifadə edərək regiondakı
təcridini aradan qaldıra biləcək. Dəhliz, eyni zamanda, Çindən Avropaya uzanan
Orta Dəhlizin mühüm həlqəsi kimi çıxış edəcək və regionun tranzit rolunu
əhəmiyyətli dərəcədə gücləndirəcək.
Prezident İlham Əliyevin pozitiv xətt üzərindən verdiyi mesajlar və
beynəlxalq miqyası əhatə edən açıqlamaları Azərbaycanın qarşıdakı mərhələdə
regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdə israrlı olduğunu göstərir.
Bu isə bütün qonşu dövlətlərin maraqlarına xidmət edən strateji hədəfdir.
Dövlətimizin başçısı müsahibə boyu zamanlamanı da zərgər dəqiqliyi ilə nəzərə
alırdı. Bundan əvvəl Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə
görüşdə mənfur Minsk qrupunun artıq son günlərini yaşadığını bildirdisə,
2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesini də vaxtında
vurğuladı. Bildirdi ki, Azərbaycan işğal illərində məruz qaldığı qərəzli
yanaşmadan sonra düşünülmüş planla hərəkət etdi, prosesdə yaranan bütün
boşluqları dövlətimizin başçısının diplomatik səyləri ilə dərhal doldurdu.
Məruz qaldığı haqsızlıqlara baxmayaraq, müdrik yanaşma ortaya qoyan da məhz
Azərbaycan oldu. Ölkəmiz Ermənistanla sülh prosesinə başlamağı təklif etdi,
danışıqlar formatının təşəbbüskarı, sülh sazişinin layihəsini təqdim edən tərəf
oldu. Dövlətimizin başçısı bununla bağlı bir daha qeyd etdi ki, avqustun 8-də
Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın baxışına əsaslanır. Prezident
İlham Əliyevin hər bir müsahibəsi proqram xarakterlidir. Dövlətimizin başçısının
müsahibələri o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü
siyasət və gələcək vizyonu ilə bağlı yeni məqamlara aydınlıq gətirilir.
İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində dəqiqliklə vurğulanması
dövlətimizin gücü qədər, dövlətimizin başçısının da müdrikliyindən, yüksək
şəxsi keyfiyyətlərindən, zəngin təcrübəsindən xəbər verir. Nəzərə alsaq ki,
Əbu-Dabi görüşü Vaşinqton görüşünün hazırlıq mərhələsi, Vaşinqton görüşü isə
Əbu-Dabi səfərinin uğurlu davamı, bütün danışıqların isə ən yüksək mərhələsi
kimi dəyərləndirilə bilər, bu baxımdan müsahibənin Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyyə” kanalına məhz Azərbaycanın paytaxtında verilməsi təsadüfi deyil.
Çünki proseslərin inkişaf trayektoriyasının və uğurlarının da müəllifi məhz Azərbaycan
və onun Müzəffər Lideridir.
Ruslan Babayev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər



