Zəfəri reallığa çevirmiş effektiv ordu quruculuğu

2022-12-26 Baxış: 294
img

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Ulu Öndər  Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Ötən 19  ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmışdır. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Bütün bu deyilənlərin təsdiqidir ki, 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında məhz onun formalaşdırdığı qəhrəman ordumuz torpaqlarımızı 30 illik işğaldan azad etdi. Cənab Prezidentin dediyi kimi məhz onun dövründə yetişdirilən gənclər bu Zəfəri bizə yaşatdılar.

Elnarə Əliyeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü