Azərbaycan Avrasiya məkanında etibarlı tranzit və enerji bağlantılarının əsas həlqəsinə çevrilib.

2026-06-03 Baxış: 30
img

Qlobal iqtisadiyyatda və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər nəqliyyat, logistika və enerji marşrutlarının strateji əhəmiyyətini daha da artırır. Son illərdə dünya ticarətinin coğrafiyasında müşahidə olunan transformasiyalar, yeni iqtisadi mərkəzlərin formalaşması və təchizat zəncirlərinin şaxələndirilməsi istiqamətində atılan addımlar Avrasiya məkanında yerləşən ölkələrin rolunu əhəmiyyətli dərəcədə yüksəldib. Xüsusilə Şərqlə Qərb arasında etibarlı əlaqələrin qurulması, yükdaşımaların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsi müasir dövrün əsas prioritetlərindən birinə çevrilib.

Belə bir şəraitdə əlverişli coğrafi mövqeyə, inkişaf etmiş nəqliyyat infrastrukturuna və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə malik olan Azərbaycan mühüm tranzit mərkəzi kimi ön plana çıxır. Son illərdə ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, nəqliyyat dəhlizlərinin modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi Azərbaycanın regional əməkdaşlıq proseslərində rolunu daha da gücləndirib. Bu gün Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də Avrasiyanın müxtəlif bölgələrini birləşdirən etibarlı körpü funksiyasını yerinə yetirir.

Məhz bu reallıqlar iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışında da öz əksini tapıb. Dövlət başçısı Azərbaycanın regionda oynadığı mühüm roldan bəhs edərək bildirib ki, ölkəmiz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş dövlətlər üçün mühüm tranzit imkanları təqdim edir. Bu fikir Azərbaycanın son illərdə formalaşdırdığı nəqliyyat və logistika potensialının beynəlxalq səviyyədə artan əhəmiyyətini bir daha təsdiqləyir.

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan nəqliyyat layihələri Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına mühüm töhfə verir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə qurulan əməkdaşlıq, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı və beynəlxalq yükdaşımaların genişlənməsi region dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Bu proseslərdə Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz xüsusi əhəmiyyət daşıyır.

Son illərdə Orta Dəhlizin əhəmiyyətinin artması da ölkəmizin tranzit imkanlarını yeni səviyyəyə yüksəldib. Avropa ilə Asiya arasında ən perspektivli marşrutlardan biri hesab edilən bu dəhliz ticarət əlaqələrinin genişlənməsinə və yük dövriyyəsinin artmasına imkan yaradır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolu və avtomobil nəqliyyatı şəbəkəsi bu marşrutun səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz regionda sabitlik və əməkdaşlıq mühitinin qorunmasına töhfə verməklə tranzit etibarlılığını daha da möhkəmləndirir.

Azərbaycanın tranzit potensialı enerji sahəsindəki uğurlarla da sıx bağlıdır. Ölkəmiz uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, eyni zamanda yeni enerji və nəqliyyat marşrutlarının formalaşdırılmasında fəal iştirak edir. Bu amil Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, onu beynəlxalq əməkdaşlığın vacib iştirakçılarından birinə çevirir.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan regional əməkdaşlığın, qarşılıqlı faydalı tərəfdaşlığın və iqtisadi inteqrasiyanın təşviqində mühüm rol oynayır. Ölkəmizin təqdim etdiyi tranzit imkanları yalnız milli maraqlara xidmət etmir, eyni zamanda Avrasiya məkanında ticarətin, enerji əməkdaşlığının və iqtisadi əlaqələrin inkişafına da töhfə verir.

Müasir geosiyasi və geoiqtisadi şəraitdə etibarlı tranzit marşrutlarına malik olmaq strateji üstünlük hesab olunur. Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasət, formalaşdırdığı müasir infrastruktur və qazandığı beynəlxalq etimad ölkəmizi Avrasiya məkanında etibarlı tranzit və enerji bağlantılarının əsas həlqələrindən birinə çevirib. Bu mövqe gələcək illərdə də Azərbaycanın regional və qlobal əhəmiyyətinin daha da artmasına xidmət edəcək.

 

Mehrac Gözəlov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

SRQİİ-nin Neftçala xidmət sahəsi üzrə rəis müavini