Yaşıl keçid dövründə faydalı qazıntıların strateji əhəmiyyəti daha da artır.

2026-06-03 Baxış: 47
img

Müasir dövrdə qlobal iqtisadiyyatın və enerji sisteminin transformasiyası ilə bağlı müzakirələr beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. İqlim dəyişiklikləri ilə mübarizə, karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər yeni inkişaf mərhələsinin konturlarını müəyyənləşdirir. Lakin yaşıl keçid prosesi yalnız ekoloji məqsədlərlə məhdudlaşmır. Bu proses eyni zamanda sənaye, texnologiya və enerji təhlükəsizliyi sahələrində yeni çağırışlar və imkanlar yaradır.

Bu gün elektrik avtomobillərinin, günəş panellərinin, külək turbinlərinin, enerji saxlama sistemlərinin və rəqəmsal texnologiyaların istehsalı strateji əhəmiyyət daşıyan mineral ehtiyatlara olan tələbatı sürətlə artırır. Litium, mis, nikel, kobalt və digər faydalı qazıntılar artıq yalnız sənaye məhsulu deyil, həm də dövlətlərin iqtisadi inkişafına, texnoloji üstünlüyünə və enerji təhlükəsizliyinə təsir göstərən mühüm amillərdən birinə çevrilib. Buna görə də yaşıl enerji keçidi faydalı qazıntıların əhəmiyyətini azaltmır, əksinə onların strateji rolunu daha da gücləndirir.

Məhz bu reallıqlar fonunda iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev qlobal enerji gündəliyinin aktual məsələlərinə dair mühüm fikirlər səsləndirib. Dövlət başçısı enerji keçidinin iqtisadi reallıqlar və obyektiv tələblər nəzərə alınmaqla həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirib: “Dünya faydalı qazıntılar olmadan yaşaya bilməz”. Prezident qeyd edib ki, yaşıl enerji texnologiyalarının inkişafı belə mineral resurslara olan tələbatı azaltmır, əksinə daha da artırır.

Bu fikir hazırda beynəlxalq ekspert dairələrində geniş müzakirə olunan məsələlərlə tam səsləşir. Son illər dünyanın aparıcı iqtisadiyyatları kritik mineralların təminatı ilə bağlı yeni strategiyalar qəbul edir, alternativ təchizat zəncirlərinin formalaşdırılmasına çalışırlar. Çünki enerji təhlükəsizliyi artıq təkcə neft və qaz ehtiyatları ilə deyil, həm də yüksək texnologiyalar üçün zəruri olan faydalı qazıntılarla sıx bağlıdır. Bu baxımdan strateji mineral ehtiyatlar XXI əsrin iqtisadi və geosiyasi rəqabətinin əsas elementlərindən birinə çevrilməkdədir.

Azərbaycan da bu qlobal proseslərə uyğun siyasət həyata keçirir. Ölkəmiz uzun illər ərzində enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi inkişafını təmin edib, regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verib. Bununla yanaşı, son dövrlərdə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələrinin həyata keçirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması, günəş və külək enerjisi layihələrinin reallaşdırılması Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını göstərir.

Əlamətdar haldır ki, Azərbaycan yaşıl enerjinin inkişafını ənənəvi enerji sektorunun imkanları ilə uzlaşdırmağı bacaran ölkələr sırasındadır. Bu balanslı yanaşma həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də qlobal ekoloji hədəflərə töhfə verilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər də məhz bu yanaşmanın mahiyyətini əks etdirir. Dövlət başçısının vurğuladığı kimi, enerji keçidi prosesində reallıqlar nəzərə alınmalı, dünya iqtisadiyyatının inkişafında faydalı qazıntıların oynadığı mühüm rol düzgün qiymətləndirilməlidir.

Bugünkü reallıq göstərir ki, yaşıl keçid dövründə strateji mineral ehtiyatların əhəmiyyəti daha da artır. Enerji sistemlərinin yenilənməsi, texnoloji inkişaf və sənaye transformasiyası məhz bu resurslara əsaslanır. Azərbaycanın həyata keçirdiyi uzaqgörən enerji siyasəti isə ölkəmizin həm ənənəvi enerji bazarında, həm də yeni enerji dövründə etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

 

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

“Neftechala Operating Company LTD” şirkətinin əməkdaşı