Son 10 il – İnkişafın və Zəfərin Qızıl Dövrü: Müstəqil Azərbaycanın ən parlaq mərhələsi

Azərbaycan
müasir tarixinin ən qürurlu, ən uğurlu dövrünü yaşayır. Bu gün ölkəmizin
keçdiyi inkişaf yolu təkcə iqtisadi yüksəliş və sosial rifahla deyil, həm də elmi
tərəqqi, texnoloji yeniliklər, milli dəyərlərə sadiqlik və hərbi-siyasi Zəfərlə
yadda qalır. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə son onillik
milli dövlətçiliyimizin qızıl dövrü kimi tarixə düşüb.
Prezident
İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr
olunmuş çıxışında xüsusi olaraq vurğuladı ki, elm və təhsil milli inkişafın
strateji dayağıdır.
Elm və təhsil
sisteminin modernləşdirilməsi, gənclərin innovativ düşüncəyə yönəldilməsi, süni
intellekt, rəqəmsallaşma və informasiya texnologiyalarının inkişafı – bütün
bunlar ölkənin gələcəyini elmi potensial üzərində qurmaq məqsədi daşıyır.
Məktəblərin texniki
bazasının gücləndirilməsi, yeni laboratoriyaların yaradılması, alimlərə və gənc
tədqiqatçılara dəstək mexanizmlərinin artırılması Prezidentin “elm dövlətin təməlidir”
prinsipi ilə birbaşa bağlıdır.
Bu istiqamətdə
həyata keçirilən “Elm haqqında” Qanun, Elm və Təhsil Nazirliyinin struktur
islahatları və elmi-tədqiqat mərkəzlərinin modernləşdirilməsi Azərbaycanın
intellektual yüksəlişini təmin edir.
Azərbaycan
elmi bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttinin məntiqi
davamını yaşayır.
Müstəqilliyin
ilk illərində böyük uzaqgörənliklə atılan addımlar bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə elmin müasir çağırışlara uyğun yenilənməsi ilə davam
edir.
Elmin inkişafı istiqamətində
həyata keçirilən dövlət proqramları – Azərbaycan Elm Fondu, Milli Strategiya,
innovasiya layihələrinin maliyyələşdirilməsi, həmçinin elmi müəssisələrin
texniki təminatının artırılması bu siyasətin ardıcıllığını göstərir.
Prezidentin
vurğuladığı kimi, son 10 ildə elmin maliyyələşməsi iki dəfədən çox artıb, bu isə
dövlətin elmə verdiyi real dəyərin göstəricisidir.
Müasir
dövrün reallığı göstərir ki, texnologiyaya malik olmayan ölkə müstəqil ola bilməz.
Prezident
İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün dövlətin inkişafını müəyyən edən əsas
amil onun intellektual və texnoloji potensialıdır.
Azərbaycan
artıq süni intellekt, kosmik texnologiyalar, rəqəmsal iqtisadiyyat və bərpaolunan
enerji sahələrində regional liderə çevrilib.
“Azersky” və
“Azerspace” peykləri, yaşıl enerji zonalarının yaradılması, Qarabağ və Şərqi Zəngəzurda
qurulan su elektrik və günəş stansiyaları ölkəmizin gələcəyinin texnologiya və
ekoloji dayanıqlıq üzərində qurulduğunu göstərir.
Bu istiqamətdəki
siyasət həm iqtisadi dayanıqlığı, həm də milli təhlükəsizliyi təmin edən əsas
mexanizmə çevrilib.
Bu gün
Qarabağ təkcə azadlıq və qəhrəmanlıq simvolu deyil, həm də elmi-tədqiqat, sənaye
və innovasiya mərkəzinə çevrilməkdədir.
Prezident
İlham Əliyev qeyd edib ki, geoloji tədqiqatların aparılması, təbii resursların
elmi əsaslarla öyrənilməsi və sənaye klasterlərinin yaradılması Qarabağın
iqtisadi dirçəlişini sürətləndirəcək.
Bu proses
yalnız iqtisadi deyil, həm də strateji xarakter daşıyır – Qarabağda texnoloji
istehsal və elmi tədqiqat bazalarının qurulması Azərbaycanın müdafiə sənayesinin
güclənməsinə xidmət edir.
Bu, eyni
zamanda azad olunmuş torpaqların yenidən doğuluşu və intellektual dirçəlişi deməkdir.
Prezident
İlham Əliyev çıxışında haqlı olaraq qeyd etdi ki, Azərbaycan 30 il ərzində beynəlxalq
hüququn pozulmasına səbir və ədalət çağırışları ilə dözdü, lakin ədalət yalnız
Vətən müharibəsində, 44 günün Zəfərində bərpa olundu.
Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etməklə bəşəriyyətə
ədalətin gec də olsa qalib gələcəyini göstərdi.
Bu Qələbə –
8 Noyabr Zəfəri – xalqın birliyinin, Ordunun qəhrəmanlığının və dövlətin siyasi
iradəsinin parlaq nəticəsidir.
2020-ci il
noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı tarixi ədaləti bərpa
etdi.
Bu gün Zəfər
Günü beş ildir ki, dövlət səviyyəsində, böyük ehtiram və təntənə ilə qeyd
olunur.
Azadlıq
meydanında keçirilən Zəfər paradı Ordumuzun gücünü, dövlətimizin əzəmətini və
xalqımızın birliyini bir daha nümayiş etdirir.
Prezident
İlham Əliyevin 10 dekabr 2020-ci ildəki tarixi sözləri bu gün də hər bir azərbaycanlının
yaddaşındadır:
“Bu, Zəfər
paradıdır. Gün gələcək, işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan
bayrağı Azadlıq meydanına gətiriləcək – və bu gün gəldi.”
Azərbaycanın
milli varlığının əsas sütunlarından biri ana dilidir.
Prezident
İlham Əliyevin dilin saflığının qorunması, qloballaşma təzyiqlərinə qarşı milli
kimliyin möhkəmləndirilməsi istiqamətində verdiyi fərman və sərəncamlar bu məsələyə
dövlət səviyyəsində nə qədər önəm verildiyini göstərir.
Cənab Prezidentin sözləri
ilə desək:
“Azərbaycan
dili çox zəngin dildir və onun qoruyucusu müstəqil Azərbaycan dövlətidir.”
Bu siyasət nəticəsində
dil, mədəniyyət və milli kimlik sahəsində bütöv bir dövlət konsepsiyası
formalaşıb.
Son onillik
Azərbaycanın elm, iqtisadiyyat, mədəniyyət, müdafiə və milli kimlik sahələrində
möhtəşəm yüksəliş mərhələsi olub.
Bu illər ərzində
xalqımızın birliyi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun qəhrəmanlığı
nəticəsində Azərbaycan güclü, qürurlu və qalib dövlətə çevrilib.
8 Noyabr – Zəfər Günü
isə bu tarixi yolun zirvəsi, xalqın iradəsinin, dövlətin qüdrətinin və ədalətin
təntənəsi kimi əbədi yaşayacaq.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları”
Facebook qrupunun təsisçisi və rəhbəri, Yeni Azərbaycan Partiyasının fəal üzvü
Digər xəbərlər



