20 Noyabr – Ağdam Şəhəri Günü

Qarabağın
tarixi yaddaşı, yenidən doğulan mədəniyyət beşiyi
Azərbaycan
tarixində elə şəhərlər var ki, onların adı bir bölgənin yaddaşını, bütöv bir
xalqın taleyini, savaşların acısını və qələbənin sevincini özündə cəmləyir. Ağdam
belə şəhərlərdən biridir. 20 noyabrın Ağdam şəhəri günü kimi qeyd edilməsi,
yalnız bir tarixi faktın xatırlanması deyil, həm də bu diyarın keçmişi, işğal
dövrünün faciələri və müasir dövrdə möhtəşəm dirçəlişinin rəmzidir. “Ağdam” adı
qədim türk dillərində “kiçik qala”, eyni zamanda “günəşlə işıqlanan ağ ev”
anlamını verir. Əsrlər boyu bu torpaqda məskunlaşmış türkdilli tayfalar özlərini
müdafiə etmək üçün möhkəm qalalar tikmiş, beləliklə Ağdam həm strateji, həm də
mədəni əhəmiyyət kəsb edən məkan kimi formalaşmışdır. XVIII əsrdə Qarabağ
xanlığının banisi Pənahəli xanın bu ərazidə ağ daşdan tikdirdiyi imarət isə şəhərin
memarlıq simvoluna çevrilmişdir. Arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam ərazisində
ilk insanların yaşayışı 6–8 min il öncəyə, Eneolit dövrünə gedib çıxır. Üzərriktəpədə
aparılan qazıntılar mühüm faktı ortaya qoymuşdur: Ağdam Qafqazın ən qədim şəhər
tipli yaşayış məskənlərindən biri olmuş, burada yüksək əkinçilik mədəniyyəti
formalaşmışdır. Tapılmış taxıl və üzüm nümunələri bu torpağın minilliklər boyu
sivil mədəniyyət ocağı olduğunu təsdiq edir. 1993-cü ildə Ağdam uğrunda gedən
ağır döyüşlər 42 gün çəkdi. 23 iyul tarixində rayon ərazisinin 73 faizi Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal yalnız torpağın deyil, həm
də tarixin, mədəniyyətin, şəhər həyatının məhv edilməsi idi:
128
min insan doğma yurdundan didərgin düşdü;
6
mindən çox şəhid verildi;
90 kənd, ümumilikdə 882 km² ərazi
işğal olundu;
271 mədəniyyət evi, 74 məktəb, 38
kolxoz, 12 sənaye obyekti, dünyada yeganə olan Çörək Muzeyi dağıdıldı;
Məscidlər
təhqir edildi, qəbiristanlıqlar dağıdıldı, coğrafi adlar dəyişdirildi. BMT Təhlükəsizlik
Şurasının 853 saylı qətnaməsində açıq şəkildə “işğalçı qüvvələrin Ağdamdan dərhal,
tam və qeyd-şərtsiz çıxması” tələb edilsə də, Ermənistan beynəlxalq hüquqa məhəl
qoymadı. Ağdamda törədilən dağıntılar təkcə vandalizm deyil, həm də mədəni irsə
qarşı sistemli soyqırım idi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Böyük
Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci ildə
Ağdam bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Bu, həm tarixi ədalətin
bərpası, həm də yüzlərlə insanın həyatının xilas olması demək idi. Prezident
İlham Əliyev tərəfindən “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və
5.790 hərbçi müvafiq orden və medallarla təltif olundu.2023-cü ildə imzalanmış
sərəncama əsasən 20 noyabrın Ağdam şəhəri günü kimi təsdiqlənməsi bu tarixi
günün dövlət səviyyəsində əbədiləşdirilməsi oldu. Ağdam şəhərinin Baş Planı
2022-ci ildə təsdiqləndi və bu plan işğaldan azad edilmiş bölgələr arasında ilk
idi. Baş Plan Ağdamın Qarabağın ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə
çevrilməsini nəzərdə tutur. 100 min nəfərlik yeni şəhər konsepsiyası;
5 müasir yaşayış məhəlləsi;
Ağdam Sənaye Parkı – işğaldan azad
edilən ərazilərin iqtisadi lokomotivi;
“Böyük
Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailənin doğma yurduna dönüşü;
Yollar,
su sistemləri, elektrik infrastrukturu, məktəblər və xəstəxanalar;
Mədəniyyət
ocaqlarının bərpası, park və yaşıllıq layihələri. 2025-ci ilin oktyabrına qədər
3.318 nəfər (825 ailə) Ağdama qayıtmışdır. 2021-ci ildə yaradılan Ağdam Sənaye
Parkı hazırda 28 rezident və 4 qeyri-rezident sahibkarı birləşdirir. Ümumi
investisiya portfeli 260 milyon manatı keçir.
Burada:
9 müəssisə artıq fəaliyyət göstərir,
5 müəssisənin tikintisi davam edir,
938
nəfər daimi işlə təmin olunub.Sənaye Parkı Qarabağın iqtisadi dirçəlişinin əsas
dayaq nöqtəsidir. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi Qarabağın musiqi
irsinin bərpası üçün strateji mədəni layihə hesab olunur. 474 nəfərlik zal, 15
tədris otağı, sərgi salonu, açıq amfiteatr – bunlar Ağdamı regionun mədəniyyət
paytaxtlarından birinə çevirəcək. Pənahəli xanın İmarət Kompleksi, Cümə Məscidi,
Şahbulaq qalası kimi memarlıq incilərinin bərpası isə Ağdamın tarixi kimliyinin
yenidən dirçəlməsini təmin edir. 2025-ci ildə istifadəyə verilmiş Ağdam Dəmir
Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat mərkəzinə çevrilib.
Kompleks:gündəlik 800–1000 nəfərin dəmir yolu ilə, 1300–1500 nəfərin avtobusla
daşınmasına imkan verir. Bu, Qarabağın logistika sistemində strateji dönüş nöqtəsidir.
2020–2025-ci illər ərzində dövlət başçısının Ağdama 20-dən artıq səfəri şəhərin
bərpasına verilən xüsusi önəmin göstəricisidir. Bu səfərlərdə yüzlərlə layihənin
təməli qoyulmuş, açılışı olmuş, kəndlərin birinci mərhələləri istifadəyə
verilmişdir.
Prezidentin
sözləri bu prosesin hədəfini dəqiq ifadə edir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin
şahididir. Biz Ağdamı yenidən quracağıq, bütün kəndləri bərpa edəcəyik. Heç
kimdə bu barədə şübhə olmasın.” Bu gün Ağdam yalnız bir şəhər deyil – Azərbaycan
xalqının yenilməzliyinin, dövlətimizin gücünün və Qarabağın dirçəliş
strategiyasının rəmzidir.
20
Noyabr – Ağdam Şəhəri Günü: tarixin dərsi, qələbənin möhtəşəm nəticəsi, gələcəyin
böyük şəhərinin doğum tarixidir. Azərbaycan dövləti və h məktəb, hər park – gələcəyə
atılan inamlı addımdır.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü



