Kəlbəcər şəhər günü

Azərbaycanın
dövlətçilik tarixində əlamətdar günlər sırasında xüsusi yer tutan 25 noyabr – Kəlbəcər
Şəhəri Günü, işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişini, tarixi ədalətin
bərpasını və Azərbaycan dövlətinin siyasi, diplomatik, hərbi iradəsinin qələbəsini
təcəssüm etdirən mühüm tarixi hadisədir. Bu gün təkcə Kəlbəcərin azad edilməsini
deyil, həm də ölkəmizin milli gücünün, strateji planlamasının, xalq-iqtidar
birliyinin nəticəsini ifadə edir. Kəlbəcər həm tarixi, həm mədəni, həm də təbii-coğrafi
baxımdan Azərbaycanın ən dəyərli bölgələrindən biri olmaqla, qədim türklüyün, mədəni
irsin və strateji yüksəkliklərin məkanıdır.
Kəlbəcər
rayonunun tarixi minilliklərlə ölçülür və burada aparılmış arxeoloji tədqiqatlar
ərazinin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. “Kəlbəcər”
toponimi qədim türk dillərində “çay üstündə qala” mənasında işlənmişdir ki, bu
da bölgənin strateji-coğrafi xüsusiyyətlərinə tam uyğundur. Tərtər çayı boyunca
düzülmüş süni mağaralar, 30 min ildən artıq yaşı olan yaşayış izləri, 6 min il
yaşı olan qayaüstü təsvirlər və qədim türk əlifbasının nümunələri bu ərazilərin
qədim türklərin məskəni olduğunu göstərir.
Tarixi
dövrlər boyunca Kəlbəcərin daş abidələri atəşpərəstlikdən tutmuş xristianlıq və
İslam mədəniyyətinə qədər müxtəlif mədəni qatların təzahürü olmuşdur. Bu
faktlar Kəlbəcərin Azərbaycanın qədim mədəniyyət xəritəsində xüsusi yerini təsdiq
edir.
Kəlbəcər
Azərbaycanın ən yüksək dağ rayonudur: Camışdağ zirvəsi (3724 m) və Dəlidağ
(3616 m) kimi yüksəkliklər bu torpağın təbiətini daha da unikal edir. Rayonun qərbdən
Ermənistanla, digər istiqamətlərdən isə Azərbaycanın bölgələri ilə həmsərhəd
olması onu strateji əhəmiyyətli məkana çevirir. Ərazinin böyük hissəsinin meşəlik
olması, zəngin su ehtiyatları, təbii çaylar, yüksək dağ iqlimi və təbii mineral
suları Kəlbəcərin həm ekoloji, həm də iqtisadi potensialını formalaşdıran əsas
amillərdir. Bu xüsusiyyətlər regionu həm müdafiə, həm turizm, həm də enerji
baxımından strateji dəyərli edir.
2020-ci
ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində
mühüm strateji yüksəklikləri işğaldan azad edərək Ermənistanın Basarkeçər-Kəlbəcər
istiqamətində hərəkət imkanlarını məhdudlaşdırmışdır. Prezident cənab İlham
Əliyevin sözləri ilə: “Strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini
demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Bununla
düşmən hərbi baxımdan tam həllolunmaz vəziyyətə salınmış, nəticədə Üçtərəfli Bəyanata
əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər döyüşsüz Azərbaycana qaytarıldı. Bu, Azərbaycanın
siyasi-hərbi gücünün parlaq təzahürü idi.
Erməni
sakinlərin bölgəni boşaldarkən evləri, bağları yandırması, infrastrukturun qəsdən
məhv edilməsi bir daha erməni vandalizminin mahiyyətini göstərdi. Beynəlxalq
hüquqa əsasən, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki
obyektlərin dağıdılması hərbi cinayət hesab olunur. Kəlbəcərdə baş verənlər isə
bu cinayətlərin ən bariz nümunələridir.
Zərəngiz Abasova,
YAP fəalı, Hacıqabul rayon Qarasu kənd
tam orta ümumtəhsil məktəbinin direktoru.
Digər xəbərlər



