Humanist hüquq siyasətinə əsaslanan amnistiya təşəbbüsü

2025-12-22 Baxış: 9
img

Azərbaycan Respublikasının müasir siyasi tarixinin təhlili göstərir ki, ölkəmiz dövlət quruculuğu prosesində yalnız institusional və inzibati islahatlarla kifayətlənmir, eyni zamanda dərin mənəvi-ideoloji dayaqlara söykənən humanist idarəetmə modeli ilə seçilir. Bu modelin mərkəzində güclü dövlət, güclü vətəndaş münasibətləri, hüquqi ədalət prinsipi və sosial məsuliyyət anlayışı dayanır. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya təşəbbüsünün irəli sürülməsi təsadüfi qərar deyil, müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin məntiqi və ardıcıl davamıdır.

Azərbaycan uzun illərdir daxili siyasi sabitliyi qoruyan, iqtisadi müstəqilliyini möhkəmləndirən və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan dövlətdir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövlətçiliyini keyfiyyətcə yeni mərhələyə yüksəltdi, ölkəmizin milli suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi.

Bu gün Konstitusiyamızın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar edilib ki, bu da yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda hüquqi dövlətçiliyin qələbəsidir. Belə bir tarixi mərhələdə humanist hüquq siyasətinə əsaslanan amnistiya təşəbbüsü ilə çıxış etmək yalnız güclü, özünə inanan və gələcəyə strateji baxışla yanaşan dövlətin ata biləcəyi addımdır. Beynəlxalq təcrübə də göstərir ki, amnistiya institutu əsasən siyasi sabitliyə nail olmuş, hüquq-mühafizə və məhkəmə sistemləri formalaşmış, ictimai təhlükəsizlik səviyyəsi yüksək olan dövlətlərdə tətbiq edilir. Bu baxımdan amnistiya zəiflik deyil, əksinə, dövlətin öz hüquqi mexanizmlərinə və cəmiyyətin siyasi yetkinliyinə olan inamının ifadəsidir.

Azərbaycan Respublikasında təqdim olunan amnistiya aktının layihəsi humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə söykənir. Layihədə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həmin döyüşlər zamanı həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumlarının, eləcə də Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş şəxslərin nəzərə alınması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu yanaşma dövlətin öz qəhrəmanlarına, onların ailələrinə və bütövlükdə milli yaddaşa verdiyi yüksək dəyərin bariz göstəricisidir.

Azərbaycan müstəqillik dövrü ərzində amnistiya və əfv institutlarından ardıcıl və sistemli şəkildə istifadə edib. 1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları on minlərlə insanın həyatında dönüş nöqtəsi yaradıb, cəmiyyətin sosial harmoniyasının möhkəmlənməsinə töhfə verib. Bu qərarlar heç vaxt hüquqi nihilizmə yol açmayıb, əksinə, cəza ilə islah arasında sağlam balansın qorunmasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin imzaladığı əfv fərmanları hüquqi humanizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini nümayiş etdirib. Prezident İlham Əliyev tərəfindən imzalanan çoxsaylı əfv sərəncamları və 2021-ci ildə Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı bu xəttin davamlılığını bir daha təsdiqləyib.

Xüsusilə postmüharibə dövründə qəbul edilən 2021-ci il amnistiyası milli birlik, sosial barış və hüquqi etimad mühitinin gücləndirilməsində mühüm rol oynadı. Bu təcrübə sübut etdi ki, Azərbaycan dövləti qalib olduğu anda daha da ədalətli və mərhəmətli olur.

Nəticə etibarilə, ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin bariz göstəricisidir. Bu addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil, eyni zamanda humanizmi, liberal dəyərləri, ədaləti və məsuliyyətli hüquq siyasəti ilə də nümunədir.

 

 

Maya Qənbərova

YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.