Böyük Zəfərə aparan İlham Əliyev diplomatiyası

Məhz
torpaqlarımızın işğaldan azad olunması, Azərbaycan bayrağının Şuşada və digər
işğal olunmuş ərazilərimizdə dalğalanması Ulu Öndər Heydər Əliyevin arzusu,
möhtərəm Prezident İlham Əliyevin əsas amallarından biri idi.
Azərbaycan
tərəfindən uzun illər ərzində aparılan xarici siyasətin əsas cəhətlərindən
biri, Qarabağın əzəli və əbədi Azərbaycan ərazisi olduğunun, dövlətimizin öz
torpaqlarının işğalı ilə barışmayacağının, torpaqların ya diplomatik, ya da hərbi
yolla azad edilməsinin legitim hüququ olduğunun beynəlxalq aləmin yaddaşına həkk
edilməsinə nail olmaq idi. Məhz Ulu Öndər Heydər Əliyevin, daha sonra isə onun
layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
uzun illər bu istiqamətdə böyük iş aparılıb və Azərbaycan həqiqətləri dünya
ictimaiyyətinin diqqətinə çatdırılıb.
Baxmayaraq
ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam olaraq döyüş meydanında
qazandı, aparılmış siyasi və diplomatik səylər bu qələbənin mübahisələndirilməməsi
və diplomatik zəmin yaradılması istiqamətində əsas rol oynadı.
Azərbaycan
Prezidentinin əzmkarlığının, xalqın birlik ruhunun və ordumuzun şücaətinin ölkəmizin
qələbə əzmini möhkəmləndirdiyi hər kəsə məlumdur. Bununla yanaşı, Prezident
İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad
edilməsi uğrunda Vətən müharibəsi başlayan zaman xalqa müraciətində -
"Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba
torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və
qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit
edir..." - sözləri böyük zəfərə aparan xarici siyasətin təməli olduğunu
desək, yanılmarıq.
Məlum
olduğu kimi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin
mövqeyinin həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul olunmuş sənədlərdə,
həm də beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapması daim
Azərbaycan xarici siyasətinin əsas vəzifələrindən biri olub. Beynəlxalq təşkilatların
təcavüzkar Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin ərazi
bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət daxil olmaqla,
beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çağıran çoxsaylı sənədlər
aparılan işin mühüm bəhrəsidir. Qeyd olunan mövqe BMT-nin Təhlükəsizlik Şurası,
Baş Assambleyasının müvafiq qətnamələrində, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər çoxtərəfli
platforma və təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə birmənalı
şəkildə ifadə olunub.
Beynəlxalq
təşkilatların qəbul etdiyi sənədlərdə münaqişənin həlli ilə bağlı konkret şəkildə
ifadə olunan vacib elementlər Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinə
daim xidmət edib.
Birinci
növbədə, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisinin
tərkib hissəsi olduğunun təsdiqlənməsi beynəlxalq hüququn Azərbaycanın tərəfində
olduğunu sübut edib. Ümumiyyətlə, işğalçı dövlət istisna olmaqla, Azərbaycanın
beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə heç bir dövlət və ya təşkilat
tərəfindən şübhə ilə yanaşılmaması və bunun beynəlxalq təşkilatların qərarlarında
açıq-aşkar təsbit olunması ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biri
kimi xarakterizə oluna bilər.
İkinci,
işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk
etməsinin tələb olunması Azərbaycan tərəfindən əsas təzyiq vasitəsi kimi geniş
şəkildə istifadə olunan bir fakt idi.Üçüncü, qaçqın və məcburi köçkünlərin öz
evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsi istiqamətində Azərbaycan
diplomatiyasının səyləri və bir sıra beynəlxalq təşkilatların qərarlarında bu
müddəaya yer verilməsi digər uğurlu bir addım kimi qeyd edilə bilər. Bir
milyonadək insanımızın hüquqlarının pozulması, onların qaçqın və məcburi köçkünə
çevrilməsi, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarının
beynəlxalq ictimaiyyətə tanıdılması əsas fəaliyyət istiqamətlərindən biri kimi
diqqət mərkəzində olub.
Qeyd
edilən istiqamətlərlə yanaşı, Ermənistanın davam edən təcavüzü çərçivəsində Azərbaycanın
işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən
qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma
siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni,
dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki
şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni
addımların ifşa edilməsi, bu istiqamətdə siyasi və hüquqi prosedurlardan
istifadə Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində aparılmış fövqəladə
siyasətin təməllərindən hesab olunur.
Bununla
yanaşı, bir çox beynəlxalq təşkilatda və ikitərəfli dövlətlərarası münasibətlər
çərçivəsində məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə
qayıtmasının təşviq olunması, Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı
birləşmələrinin mövcudluğunun, Ermənistanın hərbi texnikasının Azərbaycan ərazilərində
qanunsuz yerləşməsinin müxtəlif faktlarla daimi əsasda ifşa olunması diplomatik
fəaliyyətin əhəmiyyətli hissəsini təşkil edib. Erməni terrorizminin maliyyələşdirilməsi,
Ermənistanın bölgəmizdə yerləşdirdiyi xarici terrorçu döyüşçülər məsələsi,
separatizm və zorakı ekstremizm və digər qeyri-qanuni fəaliyyətlər daim əsas
diqqət mərkəzində olub.
Cənab
Prezidentin seçkilərdə qalib gəlməsindən qısa müddət sonra, 2004-cü ildə Azərbaycan
tərəfindən BMT Baş Assambleyasında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində
həyata keçirdiyi qanunsuz fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma məsələsinin
qaldırılması və bu istiqamətdə əməli addımlar həyata keçirilməsi məhz bu gün Azərbaycana
qarşı irəli sürülə biləcək iddiaların qarşısını almağa xidmət edir. Keçmiş
münaqişənin siyasi və iqtisadi aspektləri ilə bağlı qəbul olunan qətnamələrlə
yanaşı, ölkəmizin tarixi, mədəni və dini abidələrinin dağıdılması məsələsinə
daim diqqət yetirilməsi prioritet məqsədlərdən olduğu bəllidir.
Qeyd
edilən tədbirlərlə yanaşı, ölkəmizin mühüm beynəlxalq təşkilatlarda sədrlikləri
və üzvlüyü, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi mühüm
platformalarda prioritetlərimizin irəlilədilməsi torpaqlarımızın işğaldan azad
edilməsi üçün təməl bazanın yaradılmasına xidmət edib.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər



