Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

Aprelin
15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. Zərifə
xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı,
bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya
elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz
fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Bu şərəfli ömür ona insanların qəlbində
əbədiyaşarlıq qazandırıb. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış
Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai xadim və
dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə
xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, dostu, mənəvi dayağı, arxası
idi. İllər sonra Ulu Öndər onun məzarı önündə deyəcəkdi: “Zərifə xanım kimi həyat
yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən
xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə
fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o
da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Zərifə
xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika,
qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O,
oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə
patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və
elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi
birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım
bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının
peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində
yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair
araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi
işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası
yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Gərgin
və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri
adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı
genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün
peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini
tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə
görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin
mükafata layiq görülən ilk alim qadın idi. Zərifə xanım təkcə gözlərə nur bəxş
etmirdi. Onun bütün ömrü ətrafa nur yayırdı: bir ana kimi övladlarına göstərdiyi
qayğı, ömür-gün yoldaşı kimi Ulu Öndərə arxa-dayaq olması, bir Azərbaycan
xanımı kimi xalqına göstərdiyi xidmət nurlu əməllərdən, işıqlı arzulardan
qaynaqlanırdı. Zərifə xanımın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər
bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı.
Digər xəbərlər



