Zərifə Əliyeva M.İ. Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın alim kimi tarixə düşmüşdür.

Azərbaycan tibb elminin
görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın zəngin elmi irsi dünya
oftalmologiya elminə verdiyi böyük töhfələrlə seçilir. Onun çoxşaxəli tədqiqatları,
fundamental əsərləri və tibbin müxtəlif sahələrində qazandığı mühüm nailiyyətlər
Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi mərhələ təşkil edir. Görkəmli
alimin keçdiyi şərəfli ömür yolu bu gün hər bir həkim, alim və vətəndaş üçün
kamillik, mənəviyyat və peşəkarlıq məktəbi kimi dəyərləndirilir.
Akademik Zərifə Əliyeva Azərbaycanın
oftalmologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş, bu sahənin elmi
əsaslarının formalaşmasına mühüm töhfələr vermişdir. O, yalnız elmi fəaliyyətinə
görə deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətləri və
insani dəyərlərə sadiqliyi ilə də seçilmişdir. Zərifə xanımın formalaşdığı
mühit, onun həyat tərzi və insanlara yanaşması onun şəxsiyyətinin bütövlüyünü
tamamlayan əsas amillərdən olmuşdur.
Onun elmi fəaliyyətində
xüsusilə oftalmologiyanın aktual problemlərinin araşdırılması mühüm yer tutur.
Akademik uzun illər ərzində müxtəlif sənaye müəssisələrində genişmiqyaslı tədqiqatlar
aparmış, istehsalat şəraitinin insan görmə orqanına təsirini elmi əsaslarla öyrənmişdir.
Bu tədqiqatlar nəticəsində “Şin istehsalatında gözün peşə patologiyası”,
“Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə
xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalar ortaya çıxmışdır.
Zərifə Əliyeva “Azərbaycanın
bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda
doktorluq dissertasiyasını dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan
H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə
etmişdir. Onun bu işi oftalmologiyada peşə patologiyası sahəsində ilk
fundamental tədqiqatlardan biri kimi yüksək qiymətləndirilmişdir. Bu elmi uğur
1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə nəticələnmişdir.
Akademikin elmi fəaliyyətinin
zirvə nöqtələrindən biri 1981-ci ildə ona verilən yüksək beynəlxalq elmi
mükafat – M.İ. Averbax adına mükafat olmuşdur. O, bu nüfuzlu mükafata layiq
görülən ilk azərbaycanlı qadın alim kimi tarixə düşmüşdür. Bu fakt təkcə onun şəxsi
elmi nailiyyəti deyil, həm də Azərbaycan elminin beynəlxalq səviyyədə
tanınmasının mühüm göstəricisidir.
Zərifə Əliyevanın elmi fəaliyyəti
ilə yanaşı, onun humanist dəyərlərə sadiqliyi, insanlara olan qayğısı və yüksək
mənəvi keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. O, insanlara nur bəxş edən,
onlara diqqət və qayğısını əsirgəməyən şəxsiyyət kimi tanınmışdır. Onun həyatı
boyunca nümayiş etdirdiyi fədakarlıq və peşəsinə bağlılıq Azərbaycan
ziyalısının ideal obrazını formalaşdırmışdır.
Akademik Zərifə Əliyeva cəmi
61 il ömür sürsə də, onun zəngin elmi irsi və mənəvi dəyərləri bu gün də
yaşayır. Onun xatirəsi dövlət tərəfindən layiqincə əbədiləşdirilmiş, Fəxri
Xiyabanda məzarı üzərində tunc heykəli ucaldılmışdır. Onun həyat yolu yüksək vətənpərvərlik,
elmə sədaqət və humanizm rəmzi kimi Azərbaycan xalqının yaddaşında əbədi yer
tutmuşdur.
Narxanım Əzizova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər



