Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

2022-12-12 Baxış: 341
img

İki dəfə hakimiyətə gələn, münaqişəyə girməkdən, yeni düşmənlər qazanmaqdan çəkinməyən, neçə-neçə nəsli tərbiyə etmiş, sovet onilliklərində respublikanı yüksəldə bilmiş və yenicə qazandığı müstəqilliyini az qala itirəcək yaralı dövləti xilas etmiş insan. Hər insanın tarix yazan tale qisməti olmur. 20-ci əsrdən  21-ci və gələcək əsrlərə körpü salan insan ...Nə qədər zaman keçirsə keçsin, bütün ictimai şüur bu insanı əfsanəvi şəxsiyyət, məharətli siyasətçi və xalqının etibar etdiyi insan kimi tanıyacaq. Xalqımızın tarixinə müstəqil dövlətin qurucusu kimi daxil olan Heydər Əliyevin bütün həyatı Azərbaycan naminə yaşanmış fədakar bir ömürdür. Yaşanmış tarix tarixi sübut edir ki, hər bir xalqın müstəqillik əldə etməsi və dövlətçiliyin təşkili siyasi alimlərin adı ilə bağlıdır.Hər bir dövlət özünün həlledici döyüş mərhələlərində parlaq, müdrik, təcrübəli, milli mənafeyə sonsuz sadiq olan şəxsiyyətlərə kəskin ehtiyac duyur.80 ilə sığdırdığı  bu zəngin fəaliyyətin hər bir dövrü Azərbaycanın davamlı inkişafına, cəmiyyət həyatının bütün sahələrinə, ulu keçmişimizə, milli-mənəvi dəyərlərimizin qorunub yaşanmasına  həsr olunmuşdur. Millətin formalaşmasında mühüm əhəmiyyət kəsb edən milli mənlik şüurunun inkişafına, mənəvi dəyərlərə Ulu Öndərin həyatı boyu verdiyi önəm və bu sahədəki prinsipial fəaliyyəti ölçüyəgəlməzdir.

Heydər Əliyev Bakıya ölkənin ümumən məhv olmaq təhlükəsi altında qaldığı bir zamanda gəldi və onu xilas edə bildi. 90-cı illərin qaynar hadisələr burulğanında gənc müstəqil dövlətin var olmaq imkanını məhz Heydər Əliyevin dövlətçilik strategiyası və azərbaycançılıq məfkurəsi təmin etdi. Həmin illərdə hər gün cəbhələrdən şəhid xəbərləri, bir tərəfdən Gəncədə başlamış qardaş qırğını, Lənkəranda qeyri-qanuni hərəkətlərin ardı-arası kəsilmirdi. Azərbaycan özünün çətin, gərgin günlərini yaşayırdı... Qaçqınlar, alova bürünmüş şəhər və kəndlərin göyə qalxan tüstüsü, anaların ahı insanı rahat buraxmırdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz mütəqilliyini qazansa da, müstəqil dövlətə xas olan xüsusiyyətlərin heç biri yox idi onda. İqtisadiyyat büsbütün dağılmış, sənaye və kənd təsərrüfatı istehsalı sıfır vəziyyətində, ictimai-siyasi vəziyyət isə gərgin olaraq qalırdı... Xalq onu bu qaranlıq kölgədən günəşli günlərə çıxarda biləcək  xilakarının yolunu səbirsizliklə gözləyirdi...

Azərbaycan uçurum qarşısında idi:ya yenidən doğulmalı, ya da ölməli idi. O zamankı hakimiyyət çiçəklənə biləcək respublikanı hərc-mərcliyə düçar etmiş, iqtisadi səhraya, döyüş meydanına çevirmişdi. Bütün bu faciəvi hadisələr Heydər Əliyevi xalqı milli fəlakətdən qurtarmaq üçün siyasi səhnəyə çıxmağa vadar etdi. Yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, tarixin amansız və sərt sınağı dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyini yaratdı.Onların təşkilatlanması işini gördü, bir vətən, müstəqil Azərbaycan ətrafında birləşməsi üçün hədsiz səy göstərdi. Özünün də dediyi kimi, onun həyatı ən gənc vaxtlarından Azərbaycan xalqının taleyi ilə bağlıdır, Azərbaycana həsr olunmuşdur. Azərbaycan üçün faciəli bu günlərdə hamı bir daha əmin oldu ki, ölkəni düşdüyü bəladan çıxarmaq bacarığını siyasi təmkin, səbr, qətiyyət, əməli addımlar atmaq qabiliyyətini ancaq Heydər Əliyev kimi təcrübəli, dünya miqyaslı dövlət və siyasət xadimi nümayiş etdirə bilər. Odur ki, 1993-cü ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçirilərkən seçicilərin mütləq əksəriyyəti öz səslərini məhz ona verdilər.

Heydər Əliyev Azərbaycan tarixində qeyri-adi qabiliyyətlə onu idarə eləyən, milli kimliyi olan bir Lider idi. Əsl lider ona görə idi ki, özündən sonra bir Lider yetişdirə bilmişdi. Özü də qeyd edirdi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev çatdıra biləcək. Yetişdirdiyi liderə  “özüm qədər inanıram”- deyirdi və gələcəyinə böyük ümidlər bəsləyirdi.

Bu gün Ulu Öndərin dediyi fikirlər öz təsdiqini tapdı. İlham Əliyev də Ata yolunu gedərək öz xalqının mənafeyi üçün xidmət göstərir.. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasındakı  “Dəmir Yumruq” əməliyyatımız bu birliyin bir daha sübutu oldu.Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr tarixində möhtəşəm Zəfər paradının keçirilməsi isə Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklərin baş verdiyi ötən 19 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikanın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsizki, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə  doğru aparacaqdır.

Bu gün Ulu Öndərin vəfatından 19 il ötür.  Onilliklər, yüzilliklər keçsə belə onun xatirəsi, adı əbədilik olaraq xalmızın qəlbində yaşayacaq...

Könül Məmmədova

YAP Neftçala rayon təşkilatı 

Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri