İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir.

Ötən
illər ərzində nüfuzu artan, əhatə dairəsi genişlənən, iştirakçılarının sayı
çoxalan bu beynəlxalq tədbirin öz ünvanını dəyişməyərək məhz Azərbaycanda
keçirilməsinin bir sıra səbəbləri var. Onlardan ən başlıcası budur ki, həmin sərginin
təşəbbüskarı və təşkilatçısı ulu öndər Heydər Əliyev olub.Təməli 1994-cü il
mayın 24-də ümummilli lider tərəfindən qoyulmuş sərgi artıq hər il təxminən
eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda o, "Xəzər
dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. İndi sərgi əhatə
etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə
yanaşı, eyni adlı konfrans da keçirilir.Sərgi və konfrans Azərbaycan dövlətindən,
burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək
alır. Ölkə Prezidenti İlham Əliyevin hər dəfə tədbirin açılışındla iştirakı,
ekspozisiyalarla tanış olması sərgi-konfransın əhəmiyyətini bir daha təsdiqləyir.
Keçən il iyunun 5-də 19-cu sərginin açılışında çıxış edərkən dövlət başçısı
demişdir: "Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi
1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində,
ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət
idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz
yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq
geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi
ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim
edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir
ki, sərgidən bir neçə ay sonra "Əsrin kontraktı" imzalanmışdır ki, bu
gün biz hamımız onun nəticələrini görməkdəyik".
İndi
həmin tədbiri "Əsrin müqaviləsi"nin müjdəçisi adlandıranlar heç də
yanılmırlar. Çünki o zaman Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay
qalırdı. Amma bu barədə qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar
gedirdi. Sərginin keçirilməsi məhz həmin qlobal müqavilənin imzalanmasına dəstək
verdi, bir növ yol açdı. Növbəti illərdə keçirilən sərgilər də əməkdaşlıq və tərəfdaşlıq
üçün yeni-yeni körpülər saldı. Həmin tədbirlərdə neçə-neçə layihələr üçün
ideyalar yarandı.
İlk
sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. Burada, həmçinin Azərbaycanın
neft sənayesi öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyevin xarici
qonaqlarla səmimi görüşləri oldu. Ulu öndər tədbirdəki çıxışında ölkəmizin neft
sənayesinin keçdiyi şərəfli yoldan bəhs etdi, onun yeni mərhələ qarşısında
olduğunu vurğuladı. Çıxışda deyilirdi ki, həmin vaxtadək Azərbaycanda 1 milyard
300 milyon tondan çox neft və külli miqdarda qaz çıxarılıb. Bununla belə, ölkənin
yenə də böyük neft və qaz yataqları var. Dünya təcrübəsində dənizdə neft
çıxarılmasına ilk dəfə Azərbaycanda başlanıb. Xüsusilə son onilliklərdə neft və
qaz yataqlarında yeni texnika və texnologiyadan istifadə istiqamətində böyük
işlər görülüb. Ümumiyyətlə, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin
təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir.Ulu öndər çıxışında, həmçinin
bildirirdi ki, neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır. Neftçilərimizin
təcrübəsindən istifadə etmək üçün səylər birləşdirilməlidir. Azərbaycan xalqı
yeraltı sərvətlərindən müstəqil şəkildə, ölkənin mənafeyinə uyğun istifadə
olunmasına imkan verəcək. Bununla yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin
iri neft şirkətlərinin Azərbaycan neftinə böyük marağı əməkdaşlığın zəruriliyini
şərtləndirir. Siyasi və iqtisadi əməkdaşlıq bu prinsip üzərində inkişaf edəcək.
Ulu
öndər özünə məxsus qətiyyət və nikbinliklə nəzərdə tutulan böyük işlərin
uğurlar gətirəcəyini söyləyirdi: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan
neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu
gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında
yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində
Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan
neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin
neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə
olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər".Xarici şirkətlər
Azərbaycana bu gün də həvəslə gəlirlər. Həm sözügedən ənənəvi tədbirdə iştirak
etməyə, həm də ümumiyyətlə, yeni neft-qaz layihələrində tərəfdaşlıq etməyə. Sərginin
təşkilatçısı olan "İteca Caspian" şirkətinin verdiyi məlumata görə,
builki ekspozisiya meydançalarının əsas hissəsini tədbirin daimi iştirakçıları
olan tanınmış şirkətlər tutub. Bunlar isə çoxdur. Məsələn, Böyük Britaniyanın
BP, Norveçin "Statoyl", Fransanın "Total", Türkiyənin TPAO
şirkətləri və başqaları. Bu il "Jumeirah Bilgah Beach" hotelində
keçiriləcək konfransda 500 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.
İlk
sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada
Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz
mövqelərini əldən vermir. İndi Azərbaycan 20-ci beynəlxalq neft-qaz sərgisinə
ev sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın
neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır. Zəngin enerji
ehtiyatlarına və əlverişli tranzit imkanlarına malik olan ölkəmiz regional əməkdaşlıq
məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında
etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti,
mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin
olunmasına xidmət edir.Birinci neft-qaz sərgisindən başlanan yol Azərbaycanı
mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə
qoşulmaq perspektivinə qovuşdurur.
Sahib Aslanov,
Hacıqabul
rayon Ağsaqqallar Şurasının sədri,
YAP Hacıqabul rayon təşkilatının veteran.
Digər xəbərlər



