Əsrin müqaviləsi regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi

2025-06-04 Baxış: 118
img

Prezident İlham Əliyevin çıxışlarında bu reallıqlar daim önə çəkilir ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır.

Dövlət başçısı İlham Əliyev yubiley Neft-Qaz Sərgisindəki çıxışında  vurğuladı ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən cənab İlham Əliyev  xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğuladı. O da qeyd edildi ki, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi.

Təbii ki, Azərbaycanın bu gün böyük investisiyalar məkanı kimi tanınmasında və nüfuz qazanmasında «Əsrin müqaviləsi»nin rolu böyükdür.  Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkədə sabitliyin uğurların davamlılığında əsas faktorlardan biri olduğunu aydın şəkildə görürük. Ölkəmizin 1993-cü ildən bugünədək böyük investisiyalar məkanına çevrilməsində də bu amil əsas rol oynayır. Əminliklə qeyd edirik ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təbii ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bunun üçün müstəqilliyimizin ilk ilində mövcud duruma diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində də bildirir ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər, həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.

 

 

Bayram Xudayarov,

YAP Hacıqabul rayon təşkilatının fəalı.