Söz azadlığı və demokratik dəyərlərin inkişafına xidmət edən tarixi qərar

2022-12-12 Baxış: 351
img

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
         “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən  Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi olmasın
.Eləcə də  demokratik dəyərlərin, söz azadlığının təmin edilməsi sahəsində də Ulu Öndərin misilsiz xidmətləri olmuşdur.

Söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada Azərbaycan XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni siyasi-ictimai formasiyaya keçidlə əlaqədar ölkəmizdə mətbuatın və bütövlükdə KİV-in fəaliyyətinin tənzimlənməsində yeni qaydaların tətbiqinə zərurət yaranmışdı. Müstəqil Azərbaycanın seçdiyi yol mətbuatın sərbəst fəaliyyətini, söz azadlığının təmin olunmasını tələb edirdi.

Lakin müstəqilliyimizin ilk illərində Azərbaycanda azad mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən səbəblər üzündən KİV-lər ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. Bu səbəblərdən biri mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidarların çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuatın qarşısının alınmasında görməsi idi. 1992-ci ilin aprelində prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. Həmin ilin may ayında zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə isə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi.

Azərbaycan mətbuatı demokratiyanın tələb etdiyi azadlıqlara yalnız 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın istək və arzusu ilə hakimiyyətə qayıdışından sonra nail oldu. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin sərbəst fəaliyyətinə geniş imkanlar açdı. Konstitusiyanın 50-ci maddəsi ilə hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Belə ki, Heydər Əliyevin 1998-ci il 18 iyun tarixdə təsdiqlədiyi  "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman KİV-in sərbəst inkişafı, cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.  Fərmanla həmçinin hərbi senzuranın yaradılması haqqında 1992-ci ilin aprelində imzalanmış fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin vaxtdan etibarən sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı.

 

 

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini