Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir
Prezident İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin
Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və
Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham
Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Macarıstan Prezidenti xanım
Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
XXI əsrdə Macarıstan orta güc hesab
edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan
191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına
düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya
sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və
34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan
Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək
gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.
2004-cü ildən Avropa İttifaqına üzv
olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə
hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur
İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni
tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və
texnologiya sahələri yaxşı inkişaf edib. Macarıstan Avropanın 11-ci ən çox
turist qəbul edən ölkəsi hesab edilir. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən
14.3 milyon turist səyahət edib. Macarıstan dünyada ən böyük termal su
mağarasına və ikinci ən böyük termal gölə ev sahibliyi edir. Mərkəzi Avropa
regionunda yerləşən ən böyük göl olan Balaton gölü də buradadır.
Azərbaycan ilə Macarıstan arasında
siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq
mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq
ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi
ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın
strateji tərəfdaşıdır.
İki ölkə arasında siyasi dialoq yüksələn
xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini
tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub.
Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd olunub.
2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə
səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də
yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan
parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü
var. Macarıstan parlamentində isə 8 deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan
dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd
müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli
platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu,
Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri
inkişaf etdirilir.
İki dövlət
arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan
və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış
strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə
edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli
baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd
təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər.
Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi),
Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.
Dövlət başçısı İlham Əliyevin
Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya
digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Əsas diqqət göstərilən
məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə
dəstəyin göstərilməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə
Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi
ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti
ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə
bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.
Cənab İlham Əliyev daim çıxışlarında
bu məqamı da qeyd edir ki, hazırda keçmiş məcburi köçkün və qaçqınları öz
doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir
çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən
biri minalardır.
Minaların təmizlənməsi prosesi bərpa-quruculuq
işlərinin uzanmasına təsir göstərən amillərdəndir. Dövlət başçısı İlham Əliyev
sözügedən səfəri zamanı mətbuata bəyanatında bu məsələyə də diqqəti yönəltdi
ki, əməkdaşlıq üçün vacib olan digər sahə minatəmizləmə sahəsidir. Azərbaycan
İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə
üzləşib. Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində
300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona
görə bu sahədə Macarıstanın təcrübəsi nəzərə alınaraq əməkdaşlıq üçün
yaxşı imkanların olduğunu görürük.
Azərbaycan şəhərsalma istiqamətində
çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır. Çünki on min
kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər
dağıdılıb. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, soydaşlarımızın bu
torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Şəhərlərin,
kəndlərin yenidən qurulması, bərpası Baş planlar əsasında həyata keçirilir. Azərbaycanın
şəhərsalma təcrübəsinin beynəlxaq ictimaiyyətin diqqətində olmasına baxmayaraq,
Avropa dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməkdə
maraqlıdır. Bütün hallarda əsas məqsəd həm bu ərazilərin müasir tələblər səviyyəsində
qurulması, həm də dost, tərəfdaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsidir.
Göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın
çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa
gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq əməkdaşlığımızın
başqa sahələri də var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və
tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək,
həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi
də bir-birinə əsirgəməyəcək.
Şölə Bağırova,
YAP Neftçala rayon
təşkilatının fəal üzvü
Digər xəbərlər