Novruz ənənələri incəsənətdə

2023-03-17 Baxış: 486
img

Xalqımızın keçmişini, bugününü özündə yaşadan elə dəyərlərimiz var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin mövzu qaynağıdır. Bu baxımdan Novruzun yeri başdadır. Novruz bir dəyər kimi xalqımızı bütünlüklə təsdiq edən bənzərsiz bayramdır. Onun minillərin o tayından gələn özünəməxsus fəlsəfəsi, ritual və mərasimləri, yemək mədəniyyəti böyük dəyərlər toplusudur. Bu bayram təkcə təbiətin dirilişi deyil, həm də insan düşüncəsinin yenilənməsidir. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar.  Həmçinin,Novruz bayramı haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri çəkilib. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biridir Novruzdur.

Azərbaycan peşəkar rəssamlıq sənətinin özülünü qoyanlardan biri Xalq rəssamı Əzim Əzimzadədir. Rəssam əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir.

Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.

Xalq rəssamı Böyükağa Mirzəzadənin “Bahar” tablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilir və milli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.

 

Nigar Abdullayeva,

YAP Neftçala rayon təşkilatının fəal üzvü