Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bir daha sübut etdi ki, müstəqilliyi əldə etməklə onu qoruyub saxlamaq eyni dərəcədə vacib məsələdir.
2023-05-28
Baxış: 269
Tarixə nəzər saldıqda görürük ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biri olmuşdur. Bu mənada əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Müstəqilliyə, milli dövlətçiliyə malik olmaq, həm də hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Böyük tarixə malik xalqımızın milli müstəqilliyə aparan yolu nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda hər zaman qürur və fəxarət hissi doğurur. Bu gün böyük qürurla deyirik ki, Azərbaycan 1918-ci il may ayının 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, o zaman xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur. Məhz həmin gün Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi qəbul olunmuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq ADR bir çox tarixi nailiyyətlər əldə etmişdir. Belə ki, 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını bolşevik-daşnak birləşmələrindən azad etmişdir. Bundan sonra milli hökumət sentyabrın 17-də Gəncədən yeni paytaxta - Bakı şəhərinə köçmüş, noyabrın 16-da isə Azərbaycan Milli Şurası fəaliyyətini yenidən bərpa etmişdir. Milli Şuranın noyabrın 19-da keçirilmiş iclasında “Azərbaycan Cümhuriyyətinin parlamenti haqqında” qanun qəbul edilmişdir. 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında (hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı keçirilmiş, Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçilmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyalarının yaşamasında, habelə xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynamışdır. Məhz, Universitet yarandığı gündən ictimai-siyasi düşüncənin əsas mərkəzi kimi çıxış edən əsas ali təhsil müəssisələrindən birinə çevrilmiş, respublikada intellektual potensialın formalaşmasında, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan xalqı böyük əziyyətlə əldə etdiyi Cümhuriyyətin obyektiv və subyektiv səbəblərdən şirinliyini uzun müddət dada bilməmişdir. Milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhutərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev AXC-nin Azərbaycan tarixindəki rolunu qeyd edərək, Şərqin ilk demokratik Cümhuriyyətinə olan hörməti belə ifadə etmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı”. Dövlət başçımız Cümhuriyyətin az zaman çərçivəsinə çox böyük işlər gördüyünü qeyd edərək bildirmişdir: “Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görülmüşdür. Dövlət strukturları yaradılmışdır. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi”. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi bir daha sübut etdi ki, müstəqilliyi əldə etməklə onu qoruyub saxlamaq eyni dərəcədə vacib məsələdir. Bu mənada qeyd etmək lazımdır ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyev, həm də xalqımızın milli müstəqilliyinin xilaskarıdır.
Oqtay Kərimov;
Neftçala rayon ziyalısı
Digər xəbərlər
2021-11-04
2023-04-18